Bu yaxınlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycan birgə müəssissələrinin yaradılmasına investisiya qoyuluşu ilə bağlı müzakirələr aparacaq.
Bunu "Report"a açıqlamasında BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Murad Əl Bluşi deyib.
Onun sözlərinə görə, hər iki tərəf artıq gələcəkdə üzərində işləyəcəkləri layihələr barədə aydın təsəvvürə malikdir:
"İnanırıq ki, həm BƏƏ, həm də Azərbaycan şirkətləri hər iki ölkənin ixrac sahəsində tələblərini qarşılamaq üçün birgə işləmək potensialına sahibdirlər. Hər iki tərəf arasında logistika məsələləri, o cümlədən qarşılıqlı və ya birgə müəssisə layihələrinə investisiya qoyuluşu ilə bağlı hələ müzakirə olunmalı müəyyən istiqamətlər var. Bununla bağlı müzakirələr tezliklə baş tutacaq. Yaxın gələcəkdə şirkətlərimiz arasında mühüm əməkdaşlığın olacağını gözləyirəm".
O bildirib ki, BƏƏ və Azərbaycan kimi qardaş və dost ölkələr arasında çox güclü münasibətlər mövcuddur:
"Son iki il ərzində müxtəlif sektorlarda əməkdaşlığı təşviq edən 20-dən çox saziş imzalanıb. Bu gün biz BƏƏ və Azərbaycan şirkətləri arasında qida sektorunda əməkdaşlığı genişləndirmək üçün buradayıq".
Fatimə Bağırova