Bu il fevralın 1-nə Azərbaycanda 1 682 901 vergi ödəyicisi olub.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il fevralın 1-i ilə müqayisədə 4,9 % çoxdur.
Vergi ödəyicilərinin 86,8 %-i fiziki şəxslər, 13,2 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,6 %, idarə, müəssisə və təşkilatların sayı isə 6,4 % artıb.
Bu il yanvarın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 7 % çox – 205 104 vahid təşkil edib.
Yanvarda 1 050 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,6 %-i yerli investisiyalı, 10,4 %-i xarici investisiyalıdır. Kommersiya qurumlarının 87 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyatının xüsusi çəkisi 97,6 % təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 %-i MMC, 1,1 %-i səhmdar cəmiyyət, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb.
Fevralın 1-nə qeydiyyatda olan 136 808 kommersiya qurumunun vəziyyəti aktiv olub. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 7,7 % artıb.