"IT SkillSprint" layihəsi çərçivəsində azərbaycanlı tələbələrə İspaniyadan dəvət olunmuş müəllimlər tərəfindən praktiki İT dərsləri keçiriləcək.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal Səriştələrin İnkişafı departamentinin müdiri Vüsalə Qurbanova bildirib.
Onun sözlərinə görə, dünyada ali təhsil müəssisələri tələbələrə əsasən nəzəri biliklər verir və bu biliklərin praktikada möhkəmləndirilməsi üçün müxtəlif modellər tətbiq olunur: "Bu modellərdən biri sənayenin ali təhsil müəssisələrinə inteqrasiyasıdır. Məhz bu məqsədlə biz "IT SkillSprint" layihəsini həyata keçiririk. Layihə hazırda qlobal top "İT bootcamp" təminatçılarından biri olan İspaniyanın Ironhack şirkəti ilə birgə icra olunur".
O əlavə edib ki, proqramın əsas məqsədi tələbələrin bilik və bacarıqlarını praktiki müstəvidə gücləndirmək, onları real layihələrə cəlb etməkdir: "Layihəyə 9 universitetdən 123 tələbə seçilib. Onlar ispan müəllimlərin iştirakı ilə İT sahəsində dörd istiqamət üzrə biliklərini artıracaqlar. Proqram data analitikası və süni intellekt, kibertəhlükəsizlik, veb proqramlaşdırma və "DevOps" istiqamətlərini əhatə edir. Bu sahələr hazırda ölkəmizdə prioritet istiqamətlər sırasındadır və kadr hazırlığında xüsusi əhəmiyyət daşıyır. Agentlik olaraq bu tip layihələri ardıcıl şəkildə həyata keçiririk".
V.Qurbanova vurğulayıb ki, təşəbbüsün əsas məqsədi Azərbaycanda kadr potensialını gücləndirmək və universitetlərdə əldə olunan nəzəri bilikləri praktik bacarıqlara çevirməkdir.