IMG-LOGO

Ukraynanın sabiq energetika naziri "Midas" işi üzrə şübhəli bilinir

16 Feb 2026 11:34 3 baxış
IMG

Ukraynanın sabiq energetika naziri Herman Qaluşenko "Midas" işi üzrə şübhəli bilinib.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Antikorrupsiya Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

İstintaq məlumatlarına görə, 2021-ci ilin fevralında Angilya adasında (Böyük Britaniyanın dənizaşırı ərazisi) cinayətkar təşkilatın iştirakçılarının təşəbbüsü ilə fond qeydiyyatdan keçirilib. Bu fond təxminən 100 milyon dollar investisiya cəlb etməli idi.

Təşkilat Ukrayna Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğu tərəfindən 2025-ci ilin noyabrında ifşa edilib.

Fonda təşkilat iştirakçılarının köhnə tanışı - cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması üzrə peşəkar xidmətlər göstərən Seyşel Adaları və Sent-Kits və Nevis vətəndaşı rəhbərlik edirdi.

Fondun "investorları" arasında şübhəli bilinən Qaluşenkonun ailəsi də olub.

Ukraynada və bir sıra ölkələrin səlahiyyətli orqanları ilə beynəlxalq əməkdaşlıq proseduru çərçivəsində əldə edilmiş materiallar göstərir ki, şübhəli bilinən şəxsin vəzifədə olduğu dövrdə cinayətkar təşkilat energetika sektorundakı qanunsuz fəaliyyətdən 112 milyon dollardan çox nağd pul əldə edib.

"Bu vəsaitlər müxtəlif maliyyə alətləri, xüsusilə kriptovalyuta və fonda "investisiya qoyuluşu" vasitəsilə leqallaşdırılıb", - prokurorluqda vurğulayıblar.

Hazırda müəyyən edilib ki, şübhəli bilinən şəxsin ailəsinin sərəncamında olan fond hesablarına 7,4 milyon dollardan çox vəsait köçürülüb. Daha 1,3 milyon İsveçrə frankı və 2,4 milyon avro nağd şəkildə verilib və İsveçrədə birbaşa ailənin hesabına köçürülüb.

Sabiq məmur 2026-cı il fevralın 15-də Ukrayna ərazisini tərk etməyə cəhd edərkən Milli Antikorrupsiya Bürosunun detektivləri tərəfindən saxlanılıb. O, Ukrayna Cinayət Məcəlləsinin 255-ci maddəsinin 2-ci hissəsi və 209-cu maddəsinin 3-cü hissəsi üzrə şübhəli elan edilib.

İstintaq davam edir.

Xəbər lenti