Epşteynin illər boyunca Nyu-Meksikodakı rançosunda qadınları hamilə qoymaqla insan irqini öz DNT-si ilə "yenidən yaratmağı" hədəflədiyi, bu məqsədlə transhumanizm və yevgenika (yevgenika, insan populyasiyasının genetik keyfiyyətini yaxşılaşdırmağa yönəlmiş, əsasən etibarsız hesab edilmiş inanc və təcrübələr toplusudur – red.) ilə maraqlandığı və bu mövzuda bəzi elm adamları ilə görüşlər keçirdiyi ortaya çıxıb. Həmçinin, ölümündən sonra cinsiyyət orqanlarının və başının dondurulmasını istədiyi də məlum olub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, cinsi istismar və insan alveri iddiaları ilə bütün dünyada qəzəbə səbəb olan milyarder maliyyəçi Ceffri Epşteynin bəşəriyyətin gələcəyi ilə bağlı son dərəcə mübahisəli və dəhşətli planları olduğu bildirilir.
İlk dəfə 2019-cu ildə "New York Times" qəzetində dərc edilən əhatəli bir hesabatda bildirilirdi ki, Epşteyn ətrafındakı bəzi elm adamlarına və biznes xadimlərinə insan irqini öz DNT-sindən istifadə edərək yenidən yaratmağı hədəflədiyini deyib.
O, genetik mirasını yaymağı planlaşdırıb
Qəzetə danışan və Epsteyni yaxından tanıyan dörd ayrı mənbəyə görə, maliyyəçi milyarder Nyu-Meksikodakı böyük rançosunda qadınları hamilə qoyaraq çoxlu uşaq sahibi olmağı və beləliklə, genetik irsini yaymağı planlaşdırıb. Lakin mənbələr xüsusilə vurğulayırlar ki, bu planın həyata keçirildiyinə dair heç bir konkret dəlil yoxdur.
Xəbərdə bildirilir ki, Epşteynin ideyaları onun genetik və texnoloji vasitələrlə bəşəriyyətin "təkmilləşdirilməsini" müdafiə edən transhumanizm hərəkatına olan marağı ilə əlaqələndirilir. Transhumanizm bəziləri tərəfindən müasir "irqi təkmilləşdirmə" forması kimi tənqid olunsa da, Epşteynin bu ideyaları şəxsi obsessiyalarla qarışdırdığı qeyd olunur.
O, dünyaca məşhur şəxsləri öz malikanəsində qonaq edib
"New York Times" qəzetinin məlumatına görə, Epşteyn elm dünyasında güclü və nüfuzlu bir şəbəkə qurmağı bacarıb. O, dəbdəbəli Nyu-York malikanəsində maliyyələşdirdiyi məclislərə və görüşlərə Nobel mükafatı qazanan fiziklər, tanınmış bioloqlar və akademiklər də daxil olmaqla çoxsaylı görkəmli şəxsləri cəlb edib. Məqalədə adı çəkilən şəxslər arasında Stiven Hokinq, Murrey Gell-Mann, Frank Vilçek, Stiven Cey Quld və Oliver Saks kimi dünyaca məşhur alimlər də var.
Bəzi akademiklər Epşteynin maliyyə dəstəyinin onun keçmiş cinsi istismar iddialarının ciddiliyini azaltmağa səbəb olduğunu etiraf edirlər. Digər tərəfdən, bəzi elm adamları Epşteynin iddialarını əvvəldən ciddiyə almadıqlarını bildiriblər. Harvard Universitetinin koqnitiv psixoloqu Stiven Pinker Epşteyni "intellektual şarlatan" adlandırıb, virtual reallıq sahəsində qabaqcıl olan Jaron Lane isə bu fikirlərin elmi cəhətdən sınaqdan keçirilə bilmədiyini bildirib.
Hesabatda həmçinin Epşteynin yevgenikaya xüsusi marağından da bəhs edilib. Qəzetə danışan iki mükafat qazanan alimin və bir biznes məsləhətçisinin sözlərinə görə, Epşteyn müxtəlif vaxtlarda malikanəsindən qadınların öz sperması ilə mayalandırılacağı mərkəz kimi istifadə etməyi planlaşdırdığını açıq şəkildə bildirib. Mənbələr bu ideyanın onlarda "narahatedici və qeyri-real" təəssürat yaratdığını bildiriblər.
Sperma nümunələrinin toplandığı prosedurlardan təsirlənib
Lanerin izahatına görə, Epsteyn keçmişdə Nobel mükafatı laureatlarından sperma nümunələri toplayan "Germinal Seçim Anbarı" kimi təşəbbüslərdən də təsirlənib. 1980-ci ildə ABŞ-da qurulan bu mübahisəli sperma bankı, "üstün hesab edilən kişilərin" genetik xüsusiyyətlərini gələcək nəsillərə ötürməyi hədəfləyib.
Epşteynin maraqları yalnız genetika ilə məhdudlaşmayıb. Hesabatda bildirilir ki, o, həmçinin insan bədəninin gələcək reanimasiya üçün dondurulmasını müdafiə edən kriologiya kimi elmi cəhətdən sübut olunmamış sahələrlə də maraqlanıb. Qəzetə danışan transhumanizm tərəfdarı hətta iddia edir ki, Epşteyn ölümündən sonra başının və cinsiyyət orqanlarının dondurulmasını istədiyini deyib.
Transşumanizm fəaliyyətləri ilə məşğul olan təşkilatlara ianə edib Həmçinin bildirilir ki, Epşteyn qurduğu fondlar vasitəsilə transhumanizm sahəsində fəaliyyət göstərən təşkilatlara ianə edir və bəzi tədqiqatçıların maaşlarına töhfə verib.
2019-cu ilin iyul ayında 14 yaşlı qızlar da daxil olmaqla, yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar və insan alverində iştirak etməkdə ittiham olunan Epşteynin vəkilləri sualları cavablandırmaqdan imtina ediblər. Qəzetin qiymətləndirməsinə görə, Epşteyn tez-tez elmi ictimaiyyətlə münasibətlərini şişirdir və bu əlaqələrdən həm şəxsi obsesyonlarını, həm də insan irqinin "təkmilləşdirilməsi" kimi son dərəcə təhlükəli ideyalarını qanuniləşdirmək üçün istifadə edib.
Ceffri Epşteyn milyarder maliyyəçi Epşteyn işi