Böyük Britaniya bu il NATO müttəfiqləri ilə koordinasiya edərək avidasıyıcı gücləndirilmiş qrupunu Şimali Atlantika və Arktika regionuna göndərəcək.
"Report"un məlumatına görə, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Münhen Təhlükəsizlik Konfransında bildirib.
Starmer qeyd edib ki, Avropa ölkələri Ukraynaya dəstək göstərərək fəaliyyətləri əlaqələndirmək qabiliyyətini nümayiş etdiriblər.
"Demək olar ki, bütün Avropanı, həmçinin Kanadanı və Asiya-Sakit okean regionundakı tərəfdaşları birləşdirən "Könüllülər Koalisiyası" yaradılıb. Böyük Britaniya Ukrayna hava hücumundan müdafiə sisteminin gücləndirilməsi üçün 500 milyon funt sterlinqdən çox vəsait ayırdığını elan edib. Aydındır ki, xərcləri daha sürətlə artırmalı olacağıq. Biz bunu təhlükəsizlik və müdafiə üzrə məcmu xərcləri 5%-ə çatdırmaq barədə tarixi qərarla təsdiqləmişik və innovativ maliyyə mexanizmlərini nəzərdən keçirməyə hazırıq. Müdafiənin maliyyələşdirilməsinə kollektiv yanaşmalar üzərində müttəfiqlərlə iş gücləndirilir", - o deyib.
Baş nazir əlavə edib ki, Böyük Britaniya artıq bir sıra birgə layihələri, o cümlədən Ukraynaya pilotsuz uçuş aparatlarının tədarükü, Almaniya, İtaliya və Fransa ilə uzun mənzilli raketlərin hazırlanması, Arktika və Şimali Atlantikada mövcudluğun gücləndirilməsi, həmçinin Rusiya sualtı qayıqlarına qarşı mübarizə və sualtı infrastrukturun müdafiəsi üçün hərbi gəmilərin tikintisi üzrə Norveçlə tarixdə ən böyük sazişin bağlanmasını həyata keçirir.
"Bu il HMS Prince of Wales-in başçılıq etdiyi avidasıyıcı qrupu Avroatlantik təhlükəsizliyə sadiqliyimizin təsdiqi olaraq ABŞ, Kanada və digər NATO müttəfiqləri ilə birgə Şimali Atlantika və Arktikaya göndəriləcək. Biz həmçinin Fransa ilə nüvə əməkdaşlığını dərinləşdiririk. Onilliklər ərzində Böyük Britaniya bütün NATO üzvlərinin müdafiəsi üçün öz çəkindirici qüvvələrini təqdim edən Avropanın yeganə nüvə dövləti olaraq qalıb. Hər hansı potensial düşmən bunu nəzərə almalıdır", - Starmer bildirib.