İsrail Ordusunun baş qərargah rəisi, general-leytenant Eyal Zamir Qəzza zolağının cənubundakı Rəfah şəhəri ərazisinə səfər edib və orada yerləşdirilən bölmələrə baxış keçirib.
"Report" İsrail Müdafiə Ordusunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Eyal Zamir hərbçilərlə ünsiyyət zamanı bildirib ki, anklavın tam demilitarizasiyası məqsədi İsrail üçün dəyişməz olaraq qalır və ordu zərurət yaranarsa, müdafiədən hücum əməliyyatlarına keçməyə hazırdır.
"Biz müharibənin məqsədlərindən imtina etmirik - Qəzza zolağının tam demilitarizasiyası və HƏMAS-ın tərksilah edilməsi hədəfimizdir. Biz siyasi rəhbərliyin göstərişlərinə uyğun hərəkət edirik, radikalların darmadağın edilməsi üzrə hərbi planları qüvvədə saxlayırıq və zərurət olduqda müdafiəyə hazırıq", - general deyib.
Onun sözlərinə görə, hazırda İsrail qüvvələri sərhəd keçid məntəqələrində təhlükəsizliyə nəzarət edir və sektorda terror infrastrukturunu dəqiqliklə məhv edir. Zamir həmçinin atəşkəs rejiminin pozulacağı təqdirdə daha aktiv fəaliyyətə hazır olduqlarını bildirib.
"Biz istənilən pozuntuya cavab verəcəyik və onların imkanlarını zəiflədəcəyik. Bu yaxınlarda biz çoxlu sayda terrorçunu, o cümlədən terror təşkilatlarının yüksək rütbəli nümayəndələrini zərərsizləşdirdik", - o qeyd edib.
Baş qərargah rəisi hərbçilərə müraciətində bildirib ki, son iki il ərzində ordu müxtəlif istiqamətlərdə əhəmiyyətli nəticələr əldə edib.
"Terrorizm heç yerdə cəzasız qalmayacaq. Qəzzada terrorçulara qarşı tətbiq olunanlar digər istiqamətlərdə də tətbiq olunur. Biz qətiyyətlə və təşəbbüskarlıqla hərəkət edərək təhdidləri aradan qaldırmağa davam edəcəyik", - Zamir əlavə edib.