Avropa İttifaqı (Aİ) Serbiya tərəfindən məhkəmə-hüquq sisteminə dair qanunlar paketinin qəbul edilməsindən sonra Belqrada ayrılmış 1,6 milyard avro məbləğində kredit və qrant paketinin verilişini dayandıra bilər.
"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə "Reuters"ə Aİ-nin Genişlənmə məsələləri üzrə komissarı Marta Kos danışıb.
"Bu dəyişikliklər etimadı sarsıdır. Serbiya ilə irəliləmək istəyən Brüsseldəki şəxslər üçün bunu əsaslandırmaq getdikcə çətinləşir", - M.Kos deyib.
O vurğulayıb ki, Avropa Komissiyası hazırda Qərbi Balkan ölkələri üçün Aİ-nin İqtisadi Artım Planı çərçivəsində Serbiyaya ayrılan maliyyəni nəzərdən keçirir:
"Bu plan region ölkələrinin Aİ qaydalarına uyğunlaşmasını və nəticə etibarilə Serbiya kimi ölkələrin ittifaqa qoşulmasını hədəfləyir. Proqram çərçivəsində Serbiyaya 1,6 milyard avro kredit və qrant ayrılıb. Bu vəsaitlər qanunun aliliyi ilə bağlı ilkin şərtləri ehtiva edir".
Qeyd edək ki, bu həftə qüvvəyə minən və məhkəmə sisteminin mərkəzləşdirilməsini nəzərdə tutan qanunlar hakimlər və prokurorlar tərəfindən, bir neçə gündür, tənqid olunur. Onlar hesab edirlər ki, dəyişikliklər mütəşəkkil cinayətkarlıqla mübarizəni zəiflədir və ölkənin Aİ-yə üzvlük prosesinə zərbə vurur.
Serbiyanın Ədliyyə Nazirliyi bildirib ki, yeni qanunlar qərar qəbuletmə prosesini sadələşdirərək məhkəmə sistemini daha səmərəli edəcək. Tənqidlərdən sonra isə Serbiya Avropa Şurasının Venesiya Komissiyasının rəyini istəyib.
M.Kos isə "Reuters"ə həmin rəy təqdim olunduqdan sonra bu qanunların müvafiq və inklüziv şəkildə yenidən işlənəcəyini gözlədiklərini söyləyib.