Enerji səmərəliliyi bələdiyyələrin xərclərini azaldır, enerji təhlükəsizliyini yaxşılaşdırır və ev təsərrüfatlarının enerji xərclərini aşağı salır.
"Report"un Naxçıvana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç "Merlər Razılaşması - Şərq Tərəfdaşlığı" təşəbbüsü ilə bağlı keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, enerji sektoru ən böyük emissiya mənbəyidir: "Lakin o, həm də dəyişiklik üçün ən böyük fürsətdir. Əsas prioritetlərə ictimai binalarda, məktəblərdə, xəstəxanalarda və yaşayış binalarında enerji səmərəliliyinin artırılmasıdır. Xüsusilə bələdiyyə infrastrukturunda günəş və külək kimi bərpa olunan enerjinin təşviqi, yerli paylayıcı sistemlərdə enerji itkilərinin azaldılması daxildir".
Səfir qeyd edib ki, enerji səmərəliliyi yalnız iqlim həlli deyil: "O, bələdiyyələrin xərclərini azaldır, enerji təhlükəsizliyini yaxşılaşdırır və ev təsərrüfatlarının enerji xərclərini aşağı salır. Proqramın digər hədəf sahəsi olan binalar da şəhər enerji istehlakında əhəmiyyətli paya malikdir. Köhnə binaların istilik izolyasiyası və renovasiyası, enerjiyə qənaət edən işıqlandırma və istilik sistemləri, enerji tələbatını azaldan ağıllı şəhər planlaşdırması və yaxşı layihələndirilmiş binalar xüsusilə həssas qruplar üçün rahatlığı, sağlamlığı və həyat keyfiyyətini artırır".
M. Kuyundziç vurğulayıb ki, şəhərlərin böyüməsi və nəqliyyat vasitələrindən istifadənin artması səbəbindən nəqliyyat emissiyaları yüksəlir: "İctimai nəqliyyat sistemlərinin təkmilləşdirilməsi, piyada və velosiped infrastrukturunun təşviqi, elektrikli və aşağı emissiyalı nəqliyyat vasitələrinin dəstəklənməsi daha təmiz hava, daha az çirklənmə, daha sağlam şəhərlər və tıxacların azalması ilə nəticələnəcək".