Aİ-yə üzv dövlətlərin kiçik qrupları birliyə üzv 27 ölkənin razılığı olmayacağı təqdirdə, "dərinləşdirilmiş əməkdaşlıq" mexanizmini tətbiq edərək müstəqil şəkildə fəaliyyətə başlaya bilərlər.
"Report"un Avropa bürosunun məlumatına görə, üzv dövlətlər arasında artıq çoxdandır dövriyyədə olan və bir çox Avropa paytaxtlarında əks-səda doğuran ideya fevralın 12-də keçirilən qeyri-rəsmi sammitin yekun mətbuat konfransında Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tərəfindən dəstəklənib.
Bu alət Aİ müqavilələrində təsbit olunub və əgər "28-ci rejim" adlanan yeni vahid sistemin qəbulunda razılıq əldə olunmasa, siyasi dalandan çıxmağa imkan verəcək. Yeni unifikasiya edilmiş sistem vahid Pan-Avropa hüquqi qanunvericiliyi əsasında şirkətlər yaratmaq və bütün Avropada işləmək imkanı verəcək.
"Biz genişləndirilmiş əməkdaşlıqdan qaçmağa və bütün 27 üzv dövlətin vahid (28-ci) rejimlə razılaşmasını təmin etməyə çalışacağıq, bu bizim ilk məqsədimizdir", - deyə Koşta bəyan edib.
Lakin o əlavə edib ki, əgər razılığa gəlmək mümkün olmasa, Lissabon Müqaviləsində nəzərdə tutulmuş digər həll yolları, o cümlədən genişləndirilmiş əməkdaşlıq mövcuddur.
Fon der Lyayen isə, öz növbəsində, qeyd edib ki, sözügedən mexanizmin reallaşdırılması üçün yalnız 9 üzv dövlətin birləşməsi tələb olunur. Eyni zamanda, bu qərar sonradan onlara qoşula biləcək bütün digər milli dövlətlər üçün açıq qalır. Onun fikrincə, Aİ çox vaxt bütün üzv dövlətlərin razılığı olmadığı üçün yavaş hərəkət etməyə məcbur olur, bu mexanizm isə həmin maneəni aradan qaldıra bilər.
Qeyd etmək lazımdır ki, sammitin günün birinci yarısında İtaliyanın keçmiş baş naziri, rəqabətqabiliyyətlilik haqqında hesabatın müəllifi Mario Draqi Aİ liderlərini qlobal iqtisadiyyatdan geri qalmanı aradan qaldırmaq üçün prioritet sahələri daha sürətlə inkişaf etdirə bilmək məqsədilə "İkisürətli Avropa" yaratmaq imkanlarını araşdırmağa çağırıb. O hesab edir ki, məhz dərinləşdirilmiş əməkdaşlıq çərçivəsində qruplaşacaq ölkələr daha yüksək sürətlə hərəkət edə biləcəklər.