Mart ayında keçiriləcək Avropa Şurasının sammitində blokun rəqabət qabiliyyətini artırmaq və iqtisadi inkişafı sürətləndirmək məqsədilə "Avropa üçün vahid bazar"ın yaradılmasına dair yol xəritəsi və fəaliyyət planı təqdim olunacaq.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Aİ-nin qeyri-rəsmi sammitinin yekun mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen açıqlama verib.
"Vahid Avropa, vahid bazar" – müzakirələrin əsas mövzusu məhz bu idi və bu bizim iddialı hədəfimizdir", – deyə o bildirib.
Təşəbbüs beş əsas istiqaməti əhatə edir: biznes üzərindəki inzibati yükün azaldılması (illik xərclərin 15 milyard avro azalacağı gözlənilir), şirkətlərin Aİ-də vahid qaydalarla 48 saat ərzində qeydiyyata alınmasına imkan verəcək "28-ci rejim"in işə salınması, Əmanət və İnvestisiya İttifaqının formalaşdırılması, enerji bazarının islahatı, habelə rəqəmsallaşma və texnoloji suverenlik üzrə tədbirlər.
Bundan əlavə, Avropa Komissiyası strateji sahələrdə "Avropa çempionları"nın yaradılması üçün birləşmələrə dair qaydaların yenidən nəzərdən keçirilməsini, həmçinin süni intellekt, bulud texnologiyaları və mikrosxemlər sahəsində təşəbbüslər paketini təqdim etməyi planlaşdırır.
Fon der Lyayenin sözlərinə görə, məqsəd 2027-ci ilin sonuna qədər iqtisadi islahatların əsas mərhələlərini başa çatdırmaqdır.