ABŞ administrasiyası fevralın 19-da Vaşinqtonda keçiriləcək Sülh Şurasının 1-ci iclasında Qəzza sektorunun bərpası üçün milyardlarla dollarlıq plan təqdim edəcək.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Amerika lideri Donald Tramp qeyd olunan görüşdə Fələstin anklavının bərpası üçün milyardlarla dollarlıq fondun təsis edildiyi barədə məlumat verəcək. Qeyd olunub ki, fonda Sülh Şurasına üzv ölkələr tərəfindən təqdim edilən "səxavətli ianələr" yatırılacaq. "İnsanlar bizə təkliflərlə gəldi. Prezident toplanan vəsaiti elan edəcək", - mənbə bildirib.
Amerika tərəfi bir sıra ölkələrin yaxın aylarda Qəzza sektorunda yerləşdirilməsi gözlənilən sabitləşdirmə qüvvələrində iştirak üçün bir neçə min hərbçi təqdim etməyi planlaşdırdığını da bildirəcək.
Qeyd edək ki, Sülh Şurasının iclasında ən azı 20 dövlətin liderləri və nümayəndələri iştirak edəcək. İclas Qəzza sektoruna, o cümlədən anklavın idarə edilməsinə aid məsələlərə həsr olunacaq.