Ötən gün Ağ Evdə ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Binyamin Netanyahu arasında görüş olub.
Sammitdə İran hakimiyyəti ilə danışıqların davam etdirilməsi və rəsmi Tehrana münasibət, habelə, Qəzza zolağında, Livandakı vəziyyət müzakirə edilib. Liderlərin İranla bağlı görüşü bağlı qapılar arxasında üç saat davam edib.
Donald Tramp "Truth" sosial şəbəkəsindəki səhifəsində "çox yaxşı görüş" olduğunu vurğulayıb. O, iki ölkə arasındakı münasibətlərin möhkəm olaraq qaldığını qeyd edib. Prezident vurğulayıb ki, İranla razılaşma mümkün olsa, bu, üstünlük verilən variant olacaq, bu baş tutmazsa, vəziyyət nəticələrə əsasən qiymətləndiriləcək. Tramp Baş nazirlə müzakirə zamanı İranla danışıqların davam etdirilməsində isrardan başqa, heç bir konkret nəticənin əldə edilmədiyini də bildirib: "Yekun heç bir nəticə əldə edilmədi. Ancaq İranla danışıqların davam etməsinə israr elədim"
ABŞ lideri Qəzza zolağı, bütövlükdə, bölgə məsələsində əhəmiyyətli irəliləyişin olduğunu qeyd edərək Yaxın Şərqdə "həqiqətən sülhün hökm sürdüyünü" vurğulayıb.
İsrail hökumətinin yaydığı açıqlamada isə bildirilib ki, görüşdə İranla danışıqlar, Qəzza zolağı və regional hadisələr müzakirə edilib. Netanyahu danışıqlar kontekstində İsrail Dövlətinin təhlükəsizlik ehtiyaclarını müzakirə edib. Qeyd edilib ki, tərəflər fəaliyyətlərini koordinasiyalı qurmaq və yaxın münasibəti davam etdirmək barədə razılığa gəliblər.
Məlumata görə, ABŞ dövlət katibi Marko Rubio ilə Vaşinqtonda bir araya gələn Baş nazir Binyamin Netanyahu İsrailin Qəzza üzrə Sülh Şurasına üzvlüyü üçün rəsmi imza atıb. Hökumətin açıqlamasında vurğulanıb ki, İran ötən ilin yayında razılaşmamağa üstünlük vermişdi və "Gecə Yarısı Çəkic" əməliyyatı ilə üzləşmişdi, bu, onlara yaxşı nəticə verməmişdi: "Ümid edirik ki, bu dəfə daha ağıllı və məsuliyyətli davranacaqlar".
Açıqlamada Qəzza zolağında, ümumiyyətlə, bölgədə qeydə alınan möhtəşəm irəliləyişin də müzakirə edildiyi vurğulanıb: "Yaxın Şərqdə həqiqətən sülh var".
Yaxın Şərqdə əsas aktorların ABŞ və İsrail olduğu görünən qədərdir. Regiondakı o biri ölkələr daha çox onların yaratdığı şəraitə uyğun davranır, yaxud onlara müqavimət fonunda addım atırlar.
2023-cü il oktyabrın 7-də HƏMAS siyasi-hərbi qruplaşmasının İsrailə hücumu başladı. Bu müharibədən sonra Livan, İran və Suriyada bir-birinin ardınca gözlənilməz hadisələr baş verdi. İranda HƏMAS Siyasi Bürosunun Baş katibi İsmayıl Həniyə öldürüldü. Onun davamı olaraq İsrail bu qruplaşmanın aparıcı siyasi-hərbi fiqurlarını müxtəlif yollarla zərərsizləşdirdi.
Suriyada isə Bəşşar Əsəd rejimi süquta uğradı. O, Moskvaya sığındı. Ölkədə yeni siyasi-hərbi qüvvə hakimiyyətə gəldi. Onun başçısı Əhməd əş-Şaraa Türkiyə, ABŞ, İsrail, Avropa İttifaqı, ərəb dünyası ilə əməkdaşlıq edəcəyini bildirdi.
İranla ABŞ arasında birbaşa olmayan beş raunddan ibarət danışıqlar keçirildi.
2025-ci ilin yayında İsrail və ABŞ İranın mühüm hərbi, nüvə obyektlərinə zərbələr endirdi, bu sahələrə rəhbərlik edənlər, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri öldürüldü.
Türkiyədə PKK terror qruplaşması özünü buraxdı. Onun Suriyadakı YPG/PYD və bu dəstənin yaratdığı "Suriya Demokratik Qüvvələri" rəsmi Dəməşqin çağırışılarına, imzalanan sazişə uyğun olaraq inteqrasiya olunmağa, Ərəb Respublikasının bir parçası olduqlarını bildirdilər.
Qəzzada HƏMAS hökuməti təhvil verməyə hazır olduğunu, Donald Trampın şərtlərini qəbul etdiklərini bildirir. Artıq Qəzza üzrə Sülh Şurası təsis edilib.
Bütün bu proseslər "ərəb baharı" və İŞİD terror qruplaşmasının bu bölgədə "zühurundan" sonra baş verib.
Donald Tramp 2025-ci ilin mayında Yaxın Şərqə səfəri zamanı region ölkələri ilə imzaladığı müqavilələrlə tərəfdaş və müttəfiqlərini bir daha müəyyənləşdirdi.
2025-c il noyabrın 6-da ABŞ ilə Mərkəzi Asiya ölkələri - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistan arasında qarşılıqlı iqtisadi əməkdaşlığa dair müqavilənin imzalanması da Ağ Evin nüfuz dairəsini genişləndirməsidir.
Son üç ildə HƏMAS-ın İsrailə müharibəsindən sonra baş verən bu hadisələr ABŞ-nin Böyük Yaxın Şərq planının reallaşması istiqamətində fəaliyyətə daha çox oxşayır. Afrikanın Şimalında "ərəb baharı" inqilabı ilə başlamış, yuxarıda sadaladığımız hadisələrlə davam etmiş proseslər bunu təsdiqləyir.
Böyük Yaxın Şərq planı 21-ci əsrin ilk onilliyindən reallaşdırılır. Bu, Afrikanın şimalını, Yaxın Şərqdəki ərəb ölkələrini, İsraili, İranı, Türkiyəni, Əfqanıstanı, Pakistanı, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrini əhatə edir. Bu layihəyə başqa müsəlman ölkələri də imkan və istəklərinə uyğun olaraq qoşula bilərlər. Odur ki, onun ərazisinin genişlənməsi ehtimalı da var. Ona bəzi Avropa və Sakit okeandakı müsəlman ölkələrin qoşulması da mümkündür.
Son zamanlar ABŞ ilə Avropa İttifaqı ölkələri arasında yaranan ziddiyyətin əsas səbəblərindən biri də Böyük Yaxın Şərq layihəsinin reallaşması istiqamətində Ağ Evin atdığı addımlar da ola bilər. Bu prosesə mane olanlar isə sıradan çıxarılır, oyundan kənar saxlanılır.
İran da Böyük Yaxın Şərqin xəritəsinə daxildir. Afrikanın şimalında bir sıra ölkələrdə davam edən ziddiyyətli hadisələrin də bu planla əlaqəsi istisna olunmur.
ABŞ-nin Tehranla danışıqlarda israrı məsələnin dinc yolla həllinə cəhddir. Müharibə variantı İran hakimiyyətinə fayda verməyəcək. Zəif olduğu üçün sıradan çıxacaq. ABŞ də məsələnin güc yolu ilə həllində maraqlı görünmür. Bu onun regional və qlobal nüfuzuna mənfi təsir göstərə bilər. Beləliklə, Qəzza zolağında baş verənlər Böyük Yaxın Şərq layihəsinin növbəti, çox güclü dalğasının başlanğıcı, çıxış nöqtəsidir...





