"Bir Elin Manifesti" adlı Qərbi Azərbaycan mövzusunda hekayə janrı üzrə birinci ümumrespublika müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
"Report"un məlumatına görə, layihənin ideya müəllifi olan Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bu təşəbbüsün ədəbi mühitdə əhəmiyyətli hadisə olduğunu bildirib.
O qeyd edib ki, "Bir Elin Manifesti" adı təsadüfi seçilməyib:
"Burada bir elin ağrılı taleyi, yurd həsrəti və tarixi yaddaş bədii formada ifadə olunub. Müsabiqə üçün təqdim olunan hekayələrin motivlərinə gəlincə, müəlliflər mövzuya həssas və məsuliyyətli yanaşıblar".
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli bədii ədəbiyyatın milli yaddaşın qorunmasında xüsusi rol oynadığına diqqət çəkərək əlavə edib ki, yazılan hekayələrin gələcəkdə dərsliklərdə yer alması vacibdir.
Akademik Misir Mərdanov Qərbi Azərbaycanda baş verən hadisələrin uzun illər bədii şəkildə yetərincə qələmə alınmadığını, bu kimi təşəbbüslərin davamlı olmasının zəruriliyini vurğulayıb və müsabiqənin təhsil müəssisələrində də təşviq edilməsini təklif edib.
Digər çıxışçılar da öz növbəsində, bu kimi mövzularda müsabiqələrin keçirilməsinə, gəncləri yazmağa, öyrənməyə və tarixi yaddaşı qorumağa çağırıb.
Qeyd edək ki, müsabiqəyə 40 yaşadək müəlliflərin daha əvvəl heç bir yerdə çap olunmayan hekayələri təqdim edilib. Münsiflər heyətinin qərarı ilə qaliblər müəyyənləşdirilib.
I yerin qalibi "Sonuncu pərdə" hekayəsi ilə İlhamə Nasir qızı Kərimova, II yerin qalibi "Əsa" hekayəsi ilə Könül Nəriman qızı Həsənova, III yerin qalibi isə "Onun adı Lena idi" hekayəsi ilə Samir Arif oğlu Abdullayev olub.
Digər müəlliflər isə həvəsləndirici mükafata layiq görülüblər.
Tədbirdə qaliblərə diplomlar və pul mükafatları təqdim olunub. Müsabiqənin nəticələrinə əsasən seçilmiş hekayələr bir neçə xarici dilə tərcümə edilərək kitab halında nəşr olunub və mərasim çərçivəsində təqdim edilib.


























