IMG-LOGO

Azərbaycanla Türkmənistan "Qarabağ" və "Ahaltəkə" atları ilə bağlı əməkdaşlığı müzakirə edib

12 Feb 2026 16:59 4 baxış
IMG

Azərbaycanla Türkmənistan "Qarabağ" və "Ahaltəkə" atları ilə bağlı əməkdaşlığı müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan səfiri Qismət Gözəlov Türkmənistanın Aba Annayev adına Beynəlxalq Atçılıq Akademiyasının rektoru Pıqı Bayramdurdıyev ilə görüşüb.

Bildirilib ki, "Qarabağ" və "Ahaltəkə" atları eyni qədim köklərdən qaynaqlanır, hər iki ölkədə milli maddi irsin və tarixi yaddaşın mühüm simvoludur. Azərbaycanla Türkmənistan arasında fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiyanın müvafiq protokolunda atçılıq sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin nəzərdə tutulduğu və bu istiqamətdə praktik addımların atılması üçün geniş imkanların mövcud olduğu bildirilib. Bu xüsusda iki ölkə arasında atçılıq idmanı, ənənəvi at oyunları, mütəxəssislər arasında təcrübə mübadiləsi, eləcə də "Qarabağ" və "Ahaltəkə" atlarının genofondunun qorunmasının əhəmiyyəti qeyd olunub.

Eyni zamanda, atçılıq sahəsində gənclər və tələbələr üçün təlim-təcrübə proqramlarının təşkili, elmi-tədris əlaqələrinin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

P.Bayramdurdıyevin Azərbaycana səfəri çərçivəsində Türkmənistanın məşhur "Qalkınış" at qrupunun 2026-cı ildə Azərbaycanda nəzərdə tutulan nümayişinin təşkili barədə əldə olunmuş razılaşma məmnunluqla qeyd olunub. Həmin çıxış zamanı "Ahaltəkə" və "Qarabağ" atlarının birgə nümayiş proqramının təşkilinin əməkdaşlığa əlavə töhfə verəcəyi bildirilib.

Görüşdə iki ölkə arasında atçılıq sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin, bu sahədə memorandumun imzalanmasının, UNESCO və digər beynəlxalq platformalarda atçılıq sahəsində ortaq təşəbbüslərin həyata keçirilməsinin hər iki ölkə üçün böyük önəm daşıdığı vurğulanıb.

Xəbər lenti