Aİ ciddi iqtisadi çağırışlar, o cümlədən Çinlə rəqabət, ABŞ-nin tarif siyasəti ilə üz-üzədir.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Almaniya Kansleri Fridrix Mertslə birlikdə Brüssel yaxınlığındakı Alden Bissen qəsrində keçirilən qeyri-rəsmi sammitə gələn Fransa Prezidenti Emmanuel Makron deyib.
Onun sözlərinə görə, bütün bunlar Aİ-dən cavab tələb edir. "Prioritet, ilk növbədə, sadələşdirmə prosesinin sürətləndirilməsi, vahid bazarın (Aİ) dərinləşdirilməsi, enerji və maliyyələşdirmə məsələləri ilə bağlı qısamüddətli həllərdir".
Makron, həmçinin kapital bazarları ittifaqı haqqında mühüm Fransa-Almaniya sazişini xatırladıb.
İkinci prioritet - tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi yolu ilə ticarət münasibətlərinin şaxələndirilməsinin davam etdirilməsi və Avropa üçün risklərin azaldılmasıdır.
Üçüncü prioritet bəzi kritik əhəmiyyətli sektorlarda Avropa məzmununu, eləcə də xüsusi təzyiq altında olan sahələrdə Avropanın üstünlüklərini müdafiə etmək imkanıdır", - prezident qeyd edib. Bununla o, yeni ticarət razılaşmaları bağlanarkən ölkəsinin aqrar sektorunun qorunmasına açıq şəkildə işarə edib.
"Draqinin hesabatında (Mario Draqinin 2024-cü ilin payızında təqdim edilmiş Aİ-nin rəqabət qabiliyyəti haqqında hesabatı - red.) yer alan dördüncü prioritet dövlət və özəl vəsaitlər hesabına innovasiyaların maliyyələşdirilməsinin davam etdirilməsini əhatə edir", - o qeyd edib.
Bununla yanaşı, Makron hesab edir ki, əgər bütün 27 ölkə birgə irəliləməsə, ayrı-ayrı ölkələr prosesi sürətləndirmək üçün daha dərin əməkdaşlığa başlaya bilər.
Almaniya kansleri Fridrix Merts isə qeyd edib ki, Avropa İttifaqının iqtisadi inkişafını sürətləndirmək üçün ilk növbədə, Avropa sənayesinin rəqabət qabiliyyətini təmin etmək lazımdır.
Merts Fransa Prezidenti ilə mövqeyinin demək olar ki, həmişə üst-üstə düşməsindən məmnunluğunu bildirib. "Hesab edirəm ki, bu gün biz irəliyə doğru addım atacaq və qərarlar hazırlayacağıq. Bu qərarlar dörd həftə sonra Brüsseldə Aİ Şurasının növbəti iclasında qəbul ediləcək ", - o vurğulayıb.