IMG-LOGO

Niderland bankları ABŞ texnologiyasından asılılığı azaltmaq istəyirlər

11 Feb 2026 05:04 3 baxış
IMG

Niderlandın ən böyük bankları; "Rabobank", ING və "ABN Amro" - Amerika texnologiya şirkətlərindən asılılığı azaltmaq, bulud xidmətləri, ödəniş infrastrukturu və məlumatların emalı sahəsində Avropa alternativləri yaratmaq niyyətlərini açıqlayıblar.

"Report"un məlumatına görə, bu barədə "NL Times" portalı xəbər yayıb.

Bankların rəhbərliyi xəbərdarlıq edir ki, onların İT infrastrukturunun əhəmiyyətli bir hissəsi hələ də əsasən bulud texnologiyaları və süni intellekt sahəsində Amerika təchizatçılarına əsaslanır, bu da qeyri-sabit geosiyasi mühit nəzərə alınmaqla maliyyə sektoru üçün risk yaradır.

"Biz Amerika texnologiya nəhənglərindən asılıyıq; başqa cür iddia etməyəcəyəm. Əsas İT təchizatçılarımız ABŞ-da yerləşir", - portal "Rabobank"ın baş direktoru Stefan Dekernedən sitat gətirib. Onun fikrincə, banklar digər Avropa tərəfdaşları ilə birlikdə öz bulud infrastrukturlarını inkişaf etdirmək və Avropada məlumat mərkəzləri qurmaq niyyətindədirlər, lakin bu proses təxminən üç-beş il çəkəcək.

ING-in baş direktoru Steven van Reysveyk də sənayenin Amerika şirkətlərindən asılılığını etiraf edib. "Dürüst olaq: bu (bank) infrastrukturunun bir çox komponenti Amerika şirkətləri tərəfindən təmin edilir", - o, NOS televiziyasına müsahibəsində deyib.

Bankir vurğulayıb ki, Avropa maliyyə qurumları "Visa" və "Mastercard" kimi Amerika şirkətlərinin avrozona hesablaşmalarında dominantlığını nəzərə alaraq, öz ödəniş sistemlərinin inkişaf etdirilməsinə üstünlük verirlər. Avropa Mərkəzi Bankı həmçinin qeyri-Avropa ödəniş sistemlərindən asılılığı azaltmaq ümidi ilə rəqəmsal avronun tətbiqini sürətləndirmək niyyətindədir.

Xəbər lenti