İngiltərədə 285 yaşlı limon hərracda satılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Brettells hərrac evinin əməkdaşlarının sözlərinə görə, bir ailə onlara 19-cu əsrə aid əşya gətirib. Mütəxəssis onu hərraca çıxarmaq üçün nadir əşyanın şəklini çəkən zaman qutulardan birinin arxasında limon görüb.
Limonun üzərində 1739-cu il noyabrın 4-də Miss Baxsterə verildiyi yazı olub. Meyvənin də tarixi dəyəri olduğuna qərar verən hərrac evi onu da satışa çıxarıb.
Alıcılardan birinin limon üçün 1780 dollar ödədiyi və hərracın qalibi elan edildiyi bildirilir. Digər əsas əşya isə cəmi 40 dollara satılıb. Sitrus meyvəsinin yeni sahibi onu nə edəcəyini açıqlamayıb.