İsrail ABŞ-yə müstəqil şəkildə İrana zərbə endirə biləcəyini bildirib.
"Report"un məlumatına görə, bu barədə "İnterfaks" "Jerusalem Post" qəzetinə istinadən xəbər verir.
"Biz amerikalılara demişik ki, əgər İran ballistik raketlər üçün müəyyən etdiyimiz qırmızı xətti keçsə, təkbaşına zərbə endirəcəyik", - qəzet mənbəyə istinad edir.
Mənbənin sözlərinə görə, İsrail İran daxilindəki hadisələrin inkişafını daim izləyir.
Nəşr qeyd edir ki, İsrail müdafiə nazirliyinin nümayəndələri bu yaxınlarda amerikalı həmkarlarına İranın ballistik raket yaratma proqramının İsrailin mövcudluğu üçün təhlükə törətdiyini bildiriblər.
Təhlükəsizlik xidmətindəki mənbələrə görə, son həftələrdə bir sıra yüksək səviyyəli görüşlərdə İsrailin İranın raket potensialını və istehsal infrastrukturunu məhv etmək niyyətləri barədə məlumat verilib.
Nəşrin həmsöhbətləri bildirib ki, son danışıqlar zamanı İsrail raket proqramı ilə əlaqəli İrandakı əlavə obyektlərə zərbə endirmək planlarını təqdim edib.