Taylandda isveçrəli işçi aqressiv ayıdan xilas olmaq üçün qolunun bir hissəsini kəsib.
Lent.az xəbər verir ki, bu barədə “Bangkok Post” məlumat yayıb.
Himalay ayısı Çianq May əyalətindəki təbiət qoruğunda könüllü işləyən 32 yaşlı Stefan Klaudio Spoqnaya hücum edib. Bu zaman yırtıcı yemək yeyirmiş. Kişi əlini qəfəsə salan kimi ayı qəfildən onu tutub.
Spoqna özünü xilas etmək üçün bıçağı çıxarıb və qolunu dirsəyindən kəsib. Hadisənin şahidi olan şəxslər ona ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıblar. Zərərçəkmiş daha sonra əməliyyat olunmaq üçün başqa tibb müəssisəsinə köçürülüb.
Qoruqda əlin kəsilmiş hissəsi tapılıb, ayı ona ciddi ziyan vurub.