Artan qlobal qeyri-sabitlik şəraitində Azərbaycanın xarici siyasəti bir daha öz effektivliyini sübut edib və qoşulmama siyasətinin prinsiplərinə ardıcıl surətdə əsaslanmağa davam edir.
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda "Qoşulmama Hərəkatı Gənclər Həftəsi" tədbirində çıxışı zamanı bildirib.
"Biz son dərəcə narahat dövrdə yaşayırıq. Qlobal sistem ciddi dəyişikliklərə məruz qalır və çoxtərəfli institutlara inam real təhlükə altındadır. Bu şəraitdə beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir", - o qeyd edib.
Nazir müavininin sözlərinə görə, mövcud vəziyyət müstəqil xarici siyasətin yürüdülməsinin və dövlətin həm iqtisadi, həm də müdafiə sahələrində möhkəmləndirilməsinin vacibliyini bariz şəkildə nümayiş etdirir.
"Bu gün güclü və müstəqil ölkə olmaq seçim deyil, zərurətdir", - Y.Rəfiyev vurğulayıb.
O əlavə edib ki, müasir reallıqlarda qoşulmama siyasəti hərbi bloklarda iştirakdan imtina çərçivəsindən kənara çıxır: "Bu gün qoşulmama konsepsiyası hər şeydən əvvəl qərarların qəbulunda, milli prioritetlərdə və dövlətin strateji kursunda müstəqillik deməkdir".