Avropa İttifaqı Qırğızıstanla ticarət, nəqliyyat, yaşıl və rəqəmsal transformasiya üzrə əməkdaşlığı daha da gücləndirmək istəyir.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel Brüsseldə keçirilmiş Aİ – Mərkəzi Asiya Nəqliyyat İnvestisiya Forumunda Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayevlə görüşün təəssüratlarını paylaşarkən sosial şəbəkədə yazıb.
“Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Torobayevlə IFTC24-də görüşmək xoşdur. Tezliklə Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanmasını, habelə ticarət, nəqliyyat, yaşıl və rəqəmsal transformasiya üzrə əməkdaşlığımızı daha da gücləndirməyi səbirsizliklə gözləyirik”, – Avropanın baş diplomatı qeyd edib.
Xatırladaq ki, Avropa İttifaqı Rusiyadan yan keçməklə Cənubi Qafqaz və Türkiyə vasitəsilə Mərkəzi Asiyadan Avropaya nəqliyyat dəhlizinin yaradılmasına 10 milyard avroya qədər investisiya cəlb etmək niyyətindədir. Lakin hələlik Brüssel bu məqsədlər üçün AİB və AYİB-dən iki kredit xətti şəklində cəmi 2,97 milyard avro ayırmağa hazırdır.
Bizim Telegram kanalımıza abunə olun