Ermənistanın regional inkişaf və əməkdaşlıq naziri David Xudatyan Avropa İnvestisiya Bankının (AIB) bölməsinin rəhbəri Matteo Rivilininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı ölkədə bir sıra proqramların maliyyələşdirilməsini müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Nazir "Ermənistan: Davamlı Sünik" proqramının tezliklə işə salınacağını vurğulayıb. Ümumi dəyəri 50 milyon avro olan proqramın əsas məqsədi sosial və infrastrukturun inkişafı hesabına Sünik regionunun dayanıqlığının artırılmasıdır. Proqram üç əsas komponentdən ibarətdir: tibbi xidmətin yaxşılaşdırılması, texniki və peşə təhsilinə çıxışın genişləndirilməsi, icmalar və ev təsərrüfatları üçün su təchizatı sistemlərinin inkişafı.
Bundan başqa, AIB-nin iştirakı ilə "Şimal-Cənub" proqramının sektorlarının işi ilə bağlı bir sıra məsələlər, eləcə də "İrəvanın su təchizatının yaxşılaşdırılması" proqramı müzakirə olunub.