Azərbaycanla İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) arasında tərəfdaşlığın prioritet istiqamətləri, sənaye, maliyyə, ticarət, korporativ idarəetmə, nəqliyyat və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə edilib.
"Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr Fransanın paytaxı Paris şəhərində keçirilən "İƏİT Avrasiya Həftəsi - 2026" tədbiri çərçivəsində iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin İƏİT-nin Qlobal Əlaqələr Katibliyinin Avrasiya şöbəsinin rəhbəri Vilyam Tompsonla görüşündə baş tutub.
Görüşdə Azərbaycanın İƏİT-lə fəal və səmərəli əməkdaşlıq etdiyi vurğulanıb. Xarici investisiyaların cəlbi, rəqəmsallaşma, kiçik və orta sahibkarlığın inkişafı və digər istiqamətlərdə əməkdaşlığın Azərabaycanda iqtisadiyyatın şaxələndirilməsinə töhfə verdiyi qeyd edilib.
E. Əliyev səfər çərçivəsində "MEDEF International" təşkilatının baş icraçı direktoru Filip Qotye ilə görüşdə Azərbaycanda formalaşdırılmış etibarlı və əlverişli biznes mühiti, həmçinin işgüzar əlaqələrin genişləndirilməsi üçün mövcud potensialı diqqətə çatdırıb.
Tərəflər Azərbaycan və Fransa şirkətləri arasında əlaqələrin dərinləşdirilməsi, yeni işbirliyi və qarşılıqlı investisiya imkanları ətrafında fikir mübadiləsi aparıblar. Fransa şirkətlərinin Azərbaycanda fəaliyyəti ilə bağlı mümkün potensial əməkdaşlıq imkanları müzakirə edilib.
"İƏİT Avrasiya Həftəsi - 2026" tədbiri çərçivəsində Elnur Əliyev "Rəqabətqabiliyyətlilik, investisiya və ticarətin gücləndirilməsi yolu ilə artımın təşviqi" mövzusunda panel sessiyada çıxış edib. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz sənayesinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və strateji təşəbbüslər barədə məlumat verilib. Avropa və Asiya arasında etibarlı körpü rolunu oynayan Azərbaycanın beynəlxalq nəqliyyat və logistika qovşağına çevrildiyi vurğulanıb.
Qeyd edilib ki, makroiqtisadi sabitlik, əlverişli investisiya mühiti, həmçinin sənaye zonaları və azad edilmiş ərazilərdə təqdim edilən güzəştlər xarici sərmayədarlar üçün cəlbedici şərait yaradır, xüsusilə qeyri-neft-qaz sektoruna yönələn investisiyaların artmasına təkan verir. Rəqəmsallaşma və müəssisələrin rəqabətqabiliyyətinin artırılması istiqamətində atılan addımlar qeyd olunub. Bərpaolunan enerji mənbələrinin inkişafına yönəlmiş irimiqyaslı layihələrin regional enerji əməkdaşlığının dərinləşdirilməsi baxımından yeni perspektivlər açdığı diqqətə çatdırılıb.
Azərbaycanın beynəlxalq tərəfdaşlıqlar, ikitərəfli və çoxtərəfli investisiya fondları vasitəsilə ticarət və investisiya əlaqələrini genişləndirdiyi nəzərə çatdırılıb. O cümlədən, Azərbaycanla Avropa İttifaqı arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün perspektivlərin olduğu vurğulanıb.


