Kənd Təsərrüfatı Nazirliyi və Türkiyənin "Alagöz Holdinq" Şirkətlər Qrupu arasında bitkiçilik və heyvandarlıq sahələrinə sərmayələrin cəlb olunması, bu istiqamətlərdə fəaliyyət göstərən iş adamları arasında əlaqələrin gücləndirilməsi barədə razılıq əldə ediblər.
"Report" Nazirliyə istinadən xəbər verir ki, bu razılıq nazir Məcnun Məmmədovun Azərbaycanda səfərdə olan Türkiyənin Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Cantürk Alağözün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə əldə edilib.
M. Məmmədov bildirib ki, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə olduğu kimi aqrar sahədə də uğurla inkişaf edir. Hər iki dövlət aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər istiqamətlər üzrə sıx və səmərəli əməkdaşlıq edir.
Türkiyəli iş adamlarının Azərbaycanın kənd təsərrüfatı sektoruna investisiya qoyuluşu prosesində aktiv iştirak etdiyini xatırladan nazir qeyd edib ki, iki ölkə arasında aqrar sahədə əməkdaşlıq üçün böyük potensial mövcuddur.
C. Alağöz ölkəmizdə kənd təsərrüfatının inkişafının dövlət tərəfindən dəstəkləndiyini, bu amilin aqrar sektora investisiya qoyuluşu prosesini daha cəlbedici etdiyini vurğulayıb. Rəhbərlik etdiyi şirkətin Azərbaycanda aqrar sektorla sıx əməkdaşlıq etdiyini bildirən C. Alağöz ölkəmizin kənd təsərrüfatına sərmayə qoyuluşunda maraqlı olduqlarını qeyd edib.
Görüşdə iki ölkə arasında aqrar sahədə gələcək əməkdaşlıq perspektivləri, eləcə də aqrar sahəyə dövlətin dəstək mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

