Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə keçirilib.
Lent.az xəbər verir ki, hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesə üç şahidin məcburi gətirilmə qərarının icrası mümkün olmayıb. Ona görə də onların ilkin istintaq zamanı verdikləri ifadə elan olunmuş hesab edib. Daha sonra məhkəmə sənədlərin tədqiqi mərhələsinə başlayıb.
Daha sonra dövlət ittihamçısı çıxış edərək təqsirləndirilənlər - Şücayət Rzayevin 12 il, Səlim Əliyevin 11 il, Murad Rzayevin 9 il, Samir Hüseynovun 11 il, Əhməd Əzizovun 8 il, 6 ay, Müştəba Əliyevin 11 il, Təbriz Əliyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Müdafiə vəkilləri çıxış üçün vaxt istəyiblər.
Növbəti proses 18 fevrala təyin olunub.
Xatırladaq ki, Sabunçu rayonu Zabrat qəsəbəsinin sakini Nəzirxan Ağaxanov "TikTok" sosial şəbəkəsində "Nəzirxan qanuni oğruların dədəsi" adlı hesab açaraq, həmin hesab vasitəsilə kriminal aləmdə "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan mərhum Rövşən Caniyev haqqında xoşagəlməyən ifadələr paylaşıb. Bundan sonra paylaşımları görən bir qrup şəxs onu cəzalandırmaq qərarına gəlib.
İttihama görə, təqsirləndirilən Şücaət Rzayev tanışı Elsevər Əhmədovun sifarişi ilə digər şəxslərlə birlikdə Nəzirxan Ağaxanovu oğurlayaraq təhqir edib xəsarət yetirməkdə şübhəli bilinir.
Təqsirləndirilənlər Nəzirxan Ağaxanovun mobil telefon nömrəsini əldə edib, onu iş görmək adı ilə Zabrat qəsəbəsinə çağırıblar. Onlar Nəzirxan Ağaxanovu öncədən planlaşdırdıqları kimi yük avtomobilinin yük yerinə yerləşdirərək əl-qolunu və gözlərini yapışqan lentlə bağlayıb, Zabrat qəsəbəsində yaşadığı evə aparıblar.
Daha sonra Təbriz Əliyev, Elnur Alışov, Əhməd Əzizov və Murad Rzayev kəsici-deşici alətlərdən istifadə edərək müxtəlif işgəncələr verməklə onu yaşadığı evin həyətindəki toyuq hininə salıblar.
Bundan sonra həmin şəxslər onun üzr istəməsi tələb edib, üzr videosunu sosial şəbəkələrdə paylaşıblar.
Hüquq-mühafizə orqanları tərəfində cinayət işi açılaraq təqsirləndirilən 7 nəfər barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) və digər maddələri üzrə cinayət işi açılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Rövşən Lənkəranski adam oğurlayanlar