IMG-LOGO

“Kurtlar Vadisi”ndəki Muhsin Yazıcıoğlu detalı yenidən gündəmdə

17 Sep 2026 15:38 3 baxış
IMG
2 0

Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı aparılan araşdırma çərçivəsində məşhur “Kurtlar Vadisi Pusu” serialı da diqqət mərkəzinə düşüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, serialın ssenaristləri isə iş üzrə məlumat sahibi qismində ifadə veriblər.

Araşdırmanın əsas məqamlarından biri Kozinoğlunun ölümündən cəmi iki gün əvvəl yayımlanan bölümlə bağlıdır. Həmin bölümdə Kaşif Kozinoğlunu simvolizə etdiyi iddia olunan “Kazım Kaşifoğlu” adlı personajın öldürülməsi barədə əmr verilib.

Ssenaristlər prokurorluqdakı ifadələrində bu zaman uyğunluğunun təsadüf olduğunu bildiriblər.

Baş Prokurorluq serialda “Kazım Kaşifoğlu” obrazının vətən xaini kimi təqdim olunması və daha sonra öldürülməsi ilə bağlı səhnələri də araşdırır. Bundan başqa, bəzi epizodlarda görünən “FG” nömrə nişanlı avtomobillərin hər hansı mesaj daşıyıb-daşımadığı ekspertlər tərəfindən yoxlanılır.

Araşdırma fonunda serialın əvvəlki bölümlərindən daha bir detal yenidən gündəmə gəlib.

Serialdakı “Halo” obrazının helikopterlə qaçırıldığı səhnədə helikopter pilotuna “Kaya İstektepe” adı verilib. Eyni adı 2009-cu ildə Böyük Birlik Partiyasının qurucu sədri Muhsin Yazıcıoğlunun həyatını itirdiyi helikopter qəzasında ölən pilot daşıyıb.

Serialda isə həmin pilot obrazının daha sonra Memati tərəfindən öldürülməsi diqqət çəkib.

Hazırda prokurorluq serialdakı sözügedən səhnələr, adlar və simvollar arasında hər hansı əlaqənin olub-olmadığını araşdırır. Bu detallarla bağlı yekun hüquqi nəticə isə hələ açıqlanmayıb.

Kurtlar Vadisi Pusu

Mənbə: lent.az

Xəbər lenti