2025-ci ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsi qarşısında öhdəliyinin bir hissəsini dollarla yerinə yetirib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, buna səbəb rəhbərlik etdiyi qurumun keçirdiyi valyuta hərraclarında tələbin az olmasıdır: "Odur ki, xarici valyutada olan vəsaitin bir hissəsi Maliyyə Nazirliyinə manata çevrilmədən transfer olunub. Növbəti aylarda, sözsüz ki, tələb yarandığı şəraitdə biz onu valyuta bazarında istifadə edəcəyik. Amma yenə də, əhali daha çox valyuta satıb, nəinki alıb. Transfer məbləğini nəzərə alsaq, hardasa 400-450 milyon dollar valyuta az satılıb. Çünki tələb yoxdur", - deyə o qeyd edib.
T. Kazımov yanvarda da valyuta bazarında hansısa xüsusi artımın müşahidə olmadığını bildirib: "Təxminən 300-350 milyon dollar satış olub, plana görə isə 700 milyon dollara yaxın valyuta satılmalı idi. Eyni zamanda biz nağd alışları da nəzərdən keçiririk. Yanvar ayında son 3-4 ildə ən aşağı nəticə qeydə alınıb. 18 milyon ABŞ dolları mənfi saldo qeydə alınıb. Yəni, əhali aldığından 18 milyon ABŞ dolları çox valyuta satıb. Bu da son 3-4 ildə yanvar ayı üçün ən aşağı göstəricidir. Ona görə valyuta bazarında sabitlik mövcuddur və hansısa risklər biz burda görmürük", - deyə o qeyd edib.