Azərbaycanın bu il yanvarın 1-nə 17 milyard 804,5 milyon manat təşkil etmiş daxili dövlət borcunun 9 milyard 6,6 milyon manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 8 milyard 797,9 milyon manatını isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 9,2 %-i 1 illik, 51,8 %-i 2 və 3 illik, 39 %-i isə 5 il və daha artıq müddətli olub.
Qısamüddətli dövlət istiqrazlarının dövriyyə müddəti əsasən 5-10 il olan dövlət istiqrazları ilə əvəz olunması dövlət istiqrazları üzrə Orta Ödəmə Müddətinin (OÖM) əhəmiyyətli səviyyədə artaraq 3,3 il təşkil etməsinə səbəb olub. "Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"ya uyğun olaraq daxili maliyyə bazarının inkişafının dəstəklənməsi məqsədilə, habelə xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzlənməsi çərçivəsində 2018-ci il ilə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızlarının məbləği təqribən 8,5 dəfə artıb.