IMG-LOGO

Səfir: Azərbaycan-İsrail sənədi superkompüterlərin hazırlanmasında əməkdaşlığı gücləndirəcək

04 Feb 2026 09:34 4 baxış
IMG

Azərbaycan və İsrail arasında süni intellekt sahəsində əməkdaşlığa dair memorandum iki ölkə arasında qarşılıqlı münasibətlərin möhkəmlənmə dərəcəsini nümayiş etdirir.

"Report" xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Ronen Kraus "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

"Dünən tarixi memorandumun imzalanması ilə yadda qalan gün olub. Süni intellekt Azərbaycan və İsrail arasında inkişaf edən və möhkəmlənən əlaqələrin güclü simvoludur", - səfir yazıb.

Öz növbəsində, İsrailin Azərbaycandakı səfirliyinin "X" hesabındakı paylaşımda qeyd olunub ki, imzalanmış sənəd superkompüterlərin hazırlanmasında, mülki istifadə üçün kritik əhəmiyyətli tətbiqlərdə, insan resurslarının inkişafında və birgə tədqiqatlarda əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

"Baş nazir Benyamin Netanyahu həmçinin Azərbaycan Prezidenti İlham Əliyevi İsrailə səfərə dəvət edib. Biz sadəcə gələcəyi görmürük - biz onu birlikdə yaradırıq!", - diplomatik nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, dünən Azərbaycan və İsrail süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb. Mərasim İsrailin Baş naziri Benyamin Netanyahunun iştirakı ilə baş tutub. Sənədi İsrailin Süni İntellekt üzrə Milli Qərargahın komandiri, briqada generalı Erez Eskel və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.

Xəbər lenti