Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen təhlükəsizlik və ticarət sazişləri bağlamaq üçün fevral ayında Avstraliyaya səfər etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə Avropanın "Politico" nəşri mənbələrə istinadən məlumat yayıb.
Kanberra ilə bağlanan müqavilə Avropa İttifaqına litium və mis kimi strateji minerallar üçün Avstraliya bazarına daha geniş çıxış imkanı verəcək.
Əvvəlki ticarət danışıqları 2023-cü ilin sonunda mal əti və quzu əti kvotaları ilə bağlı fikir ayrılıqları səbəbindən pozulmuşdu. Qeyd olunub ki, Brüssel onları bərpa etmək üçün addımlar atıb, lakin kvotalar hələ də müzakirə mərhələsindədir.
Nəşrin məlumatına görə, Avstraliya ilə mümkün razılaşma, Cənubi Amerika Ortaq Bazarı (MERCOSUR) ölkələri ilə azad ticarət razılaşmasında olduğu kimi, əhəmiyyətli kənd təsərrüfatı komponentinə görə tənqid fırtınasına səbəb ola bilər.