"Azərbaycan Dövlət Aqrar Universiteti Gəncə şəhərində olduğuna görə, həmin ərazidən və ətraf rayonların əksəriyyətindən kadrlar çox gəlir. Amma Azərbaycanın digər bölgələrində, əsasən də heyvandarlıq sahəsində çatışmazlıqları görürük".
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "AzTV"yə müsahibə zamanı deyib.
Onun sözlərinə görə, baytarların sayında çatışmazlıq var: "Ümid edirəm ki, bu nöqteyi-nəzərdən də ADA universitetində Baytarlıq və Heyvandarlıq ixtisasının açılması faydalı olacaq. Mən tam əminliklə deyə bilərəm ki, baytarlıq sahəsində təhsil alan hər bir gəncimiz Azərbaycanda yaxın, hətta uzun müddətdə işlə təmin ediləcək imkanlar və ehtiyac var. Bəzi bölgələrdə ciddi baytar çatışmazlığı yaşayırıq. Ölkədə baytarların orta yaşı artıq 60-ı keçib. Bunların hamısı bizə onu deyir ki, baytar çatışmazlığı daha da intensivləşəcək".