IMG-LOGO

Rəsmi Belqrad Albaniya, Xorvatiya və Kosovonun müdafiə qurumlarının görüşünə etiraz edib

03 Feb 2026 22:03 2 baxış
IMG

Albaniya, Xorvatiya və Priştina arasında müdafiə sahəsində əməkdaşlıq Qərbi Balkan regionunun sabitliyini birbaşa təhlükə altına qoyan fəaliyyətdir.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya hökumətinin Kosovo üzrə idarəsi bu gün Albaniya, Xorvatiya və Kosovonun (bir sıra ölkələr, o cümlədən Azərbaycan Kosovonun müstəqilliyini tanımayıb - red) müdafiə qurumlarının nümayəndələrinin iştirakı ilə Priştinada baş tutan üçtərəfli görüşə münasibətdə bildirib.

Belə ki, Kosovo tərəfindən yayılan məlumata görə, bu gün Priştinada 2025-ci ildə imzalanmış üçtərəfli Birgə Bəyanatın icrasına uyğun olaraq tərəflər arasında görüş baş tutub.

Açıqlamaya əsasən, görüşdə əməkdaşlığın inkişafı, müdafiə sənayeləri arasında qarşılıqlı uyğunluğun gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, həmçinin bəyanatın icrası müzakirə edilib.

"Bəyanatda üçtərəfli əməkdaşlıq üçün dörd əsas istiqamət müəyyən edilib: müdafiə imkanları və müdafiə sənayesi sahəsində əməkdaşlığın təşviqi, təhsil və birgə təlimlər vasitəsilə interoperabelliyin artırılması, hibrid təhdidlərə qarşı mübarizə və dayanıqlığın gücləndirilməsi, eləcə də Avro-Atlantik inteqrasiyaya davamlı dəstəyin göstərilməsi. Ümumilikdə, üçtərəfli əməkdaşlığın gücləndirilməsi Cənub-Şərqi Avropada təhlükəsizlik və sabitliyin artırılmasına yönəlib", – deyə məlumatda vurğulanıb.

Bu isə, öz növbəsində, Serbiya hökumətinin Kosovo üzrə idarəsinin reaksiyasına səbəb olub. İdarə bəyan edib ki, bu əməkdaşlıq Qərbi Balkan regionunun sabitliyə birbaşa təhlükədir:

"Çünki aydındır ki, bu əməkdaşlıq nə iqtisadi maraqlardan, nə də regional rifaha töhfə vermək zərurətindən irəli gəlir, əksinə, dağıdıcı niyyətlər daşıyır". İdarə əlavə edib ki, Serbiya açıq şəkildə bu üçtərəfli paktın hədəfidir.

Xəbər lenti