Avropa Komissiyasının rəsmiləri və Qərbi Balkan ölkələrinin nazirləri Avropa İttifaqına üzv olmayan ölkə vətəndaşlarının üzv dövlətlərdə daha uzun müddət qalmasını tələb edən viza problemlərinin həlli üçün işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
"Report"un Balkan bürosu xəbər verir ki, işçi qrupuna sözügedən problemin aradan qaldırılması üçün konkret təkliflər hazırlamaq tapşırığı veriləcək.
Görüşdə Avropa Komissiyasının yük maşını sürücüləri, idmançılar, musiqiçilər və qastrol səfərində olan səhnə ifaçıları üçün uzadılmış qalma müddətinin tətbiqinə dair təklifləri müzakirə olunub.
Təklifə əsasən, bu kateqoriyadan olan şəxslərin 180 gün ərzində maksimum 90 gün qalmasına icazə verilən turistlər kimi deyil, xüsusi statusla qiymətləndirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Aİ-yə üzv olmayan keçmiş Yuqoslaviya ölkələrindən - Serbiya, Bosniya və Herseqovina, Monteneqro və Şimali Makedoniyadan olan yük maşını sürücüləri ötən həftə problemlərinə diqqət çəkmək məqsədilə sərhəd-keçid məntəqələrini bağlayıblar.