Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Nançan şəhərini (Şərqi Çin Tszyansi əyalətinin inzibati mərkəzi) Azərbaycanın paytaxtı Bakı ilə birləşdirən yeni yükdaşıma marşrutunu işə salıb.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Bu marşrut üzrə ilk qatar fevralın 2-si mərmər məmulatları, pambıq parça, divar kağızı və digər malların Nançan beynəlxalq "quru limanı"ndan Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatdırılması üçün yola düşüb. Qatar, Xorqos nəzarət-buraxılış məntəqəsi vasitəsilə dövlət sərhədini keçəcək və Xəzər dənizini keçənə qədər Qazaxıstan ərazisi ilə hərəkət edəcək.
Nançan şəhərinin Dəmir Yolu Logistika Xidmətləri Mərkəzinin yaydığı məlumatda bildirilib ki, TBNM vasitəsilə yükdaşıma müddəti 50 gündən 18 günə qədər azalacaq. Üstəlik, bununla Süveyş kanalı və Qırmızı dəniz akvatoriyasını keçmək zərurəti olmayacaq. Bundan başqa, TBNM ilə yükdaşıma uzunməsafəli dəniz daşımaları ilə bağlı yüklərin zədələnməsi riskini və dəfələrlə yüklərin boşaldılması nəticəsində yaranan xərcləri minimuma endirəcək və ixracatçıların logistika xərclərini orta hesabla 15-20 % azaldacaq.
Nəzərdə tutulan qrafikə əsasən, TBNM üzrə beynəlxalq multimodal yükdaşımalarının əsas qovşağı kimi fəaliyyət göstərən Bakıya məhsullar yeni marşrutla çatdırıldıqdan sonra Türkiyəyə və dünyanın bir sıra digər ölkələrinə və regionlarına daşına bilər.