Yerli mühafizə sistemlərinə əsaslanan təhlükəsizlik infrastrukturu gələcək risklərə hazırlığın təmin edilməsində həlledici rol oynayır.
"Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində (BANM) "İnformasiya Təhlükəsizliyi Testləri" laboratoriyasının açılıışında bildirib.
Onun sözlərinə görə, bu baxımdan BANM-da yaradılmış laboratoriya kimi platformalar strateji əhəmiyyət daşıyır: "Bu laboratoriyanın fəaliyyətə başlaması ölkəmizdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində praktik bilik və bacarıqlara əsaslanan kadr hazırlığının yeni mərhələyə keçidi deməkdir. Müasir dövrdə dövlət təhlükəsizliyinin mühüm tərkib hissələrindən biri informasiya mühitinin qorunmasıdır və bu sahədə peşəkar insan resurslarının formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir".
Rəis bildirib ki, yaradılmış laboratoriya ali təhsil mühiti ilə dövlət qurumunun əməliyyat təcrübəsini birləşdirən mühüm platformadır: "Burada tələbələr yalnız nəzəri biliklərlə kifayətlənməyəcək, real sınaq mühitində işləmək, təhlükəsizlik mexanizmlərini tətbiq etmək və müasir kibertəhlükələrə qarşı müdafiə bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər. Laboratoriya sadəcə Universitetdə təhsil alan tələbə, müəllim və tədqiqatçılar üçün deyil, eləcə də dövlət qurumlarının əməkdaşları beynəlxalq standartlara uyğun kiberinsident ssenariləri üzərində birgə işləmək, təşkil edəcəyimiz təlimlərdə iştirak etmək, praktik təcrübələri əldə etmək imkanına malik olacaqlar. Bu yanaşma laboratoriyanı yalnız tədris məkanı deyil, eyni zamanda kibertəhlükəsizlik üzrə əməliyyat hazırlığının yoxlanıldığı və təkmilləşdirildiyi test platformasına – kadr hazırlığı bazasına çevirir".