Azərbaycan regionda enerji və rəqəmsal bağlantı baxımından strateji mövqeyini gücləndirir, ölkə tədricən regionun əsas enerji, kommunikasiya və kibertəhlükəsizlik mərkəzlərindən birinə çevrilir.
"Report" xəbər verir ki, bunu Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun (ICI Buxarest) elmi direktoru Karmen Elena Çirnu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində (BANM) "İnformasiya Təhlükəsizliyi Testləri" laboratoriyasının açılıışında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın artan rolu kibertəhlükəsizlik məsələlərini daha da aktuallaşdırır: "Azərbaycan təkcə enerji istehsalçısı deyil, eyni zamanda regionun enerji və bağlantı mərkəzinə çevrilir. Sistemlər daha mürəkkəb və bir-biri ilə inteqrasiya olunmuş olduqca, onların qorunması da strateji əhəmiyyət kəsb edir".
K. Çirnu bildirib ki, enerji, nəqliyyat və rabitə kimi kritik infrastrukturların rəqəmsallaşması yeni imkanlarla yanaşı, əlavə risklər də yaradır: "Bu səbəbdən kibertəhlükəsizlik yalnız texniki məsələ deyil, milli təhlükəsizlik və iqtisadi sabitlik məsələsidir. Bu istiqamətdə praktiki təlimlərin və simulyasiya mühitlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır".
O əlavə edib ki, universitetlərdə yaradılan müasir laboratoriyalar və beynəlxalq əməkdaşlıq layihələri ölkədə peşəkar kadr hazırlığını sürətləndirəcək və Azərbaycanın regional kibertəhlükəsizlik mərkəzi kimi mövqeyini gücləndirəcək.