Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelko Komşiç Cənub Qaz İnterkonnektorunu ölkəsi üçün mühüm strateji maraq və əldən verə bilməyəcəyi fürsət kimi qiymətləndirib.
"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə o, ABŞ-nin müvəqqəti işlər vəkili Con Ginkel ilə görüşündə bildirib.
Görüş çərçivəsində Sədr qarşı tərəflə ilk olaraq ABŞ-nin Bosniya və Herseqovinanın infrastrukturuna yönəldilməsi planlaşdırılan yeni sərmayə dalğasını müzakirə edib.
C.Ginkel Cənub Qaz İnterkonnektoru layihəsi ilə bağlı yenilikləri J.Komşiçin diqqətinə çatdıraraq, ABŞ şirkətlərinin bu layihəyə göstərdiyi böyük marağı vurğulayıb.
J.Komşiç isə təşəbbüsü Bosniya və Herseqovina üçün strateji maraq adlandırıb və ölkənin əldən verə bilməyəcəyi mühüm inkişaf fürsəti kimi dəyərləndirib.
Müvəqqəti işlər vəkili qeyd edib ki, ABŞ-nin marağı təkcə qaz sahəsi ilə məhdudlaşmır, ölkə (Bosniya və Herseqovina - red.) üzrə müxtəlif infrastruktur və enerji layihələrini də əhatə edir. O bildirib ki, Cənub Qaz İnterkonnektoru layihəsi üzrə tikintiyə başlanması ABŞ investorları üçün Bosniya və Herseqovinanın sürətləndirilmiş tikinti və iri miqyaslı inkişafa həqiqətən açıq olduğuna dair mühüm siqnal olacaq.
J.Komşiç vurğulayıb ki, illərlə davam edən siyasi durğunluqdan sonra Bosniya və Herseqovina təcili şəkildə böyük investisiya təşviqlərinə ehtiyac duyur. Sədr enerji və nəqliyyat infrastrukturunun modernləşdirilməsinin bütün vətəndaşların rifahı üçün vacib olduğunu qeyd edib.