Lionsgate studiyası 1987-ci ildə ekranlara çıxmış kult “Çirkli rəqslər” filminin davamının çəkiləcəyini elan edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, filmin birinci hissəsində aktyorlar Cennifer Qrey və 2009-cu ildə onkoloji xəstəliklə uzunmüddətli mübarizədən sonra vəfat edən Patrik Sueyzi rol alıblar.
İstehsalına bu il başlanması planlaşdırılan tammetrajlı layihə üzərində prodüsserlər Nina Ceykobson və Bred Simpson çalışacaq, ssenarini isə Kim Rozenstok yazır.
Aktrisa Cennifer Qrey filmdə yenidən Beybi obrazına qayıdacaq, eyni zamanda icraçı prodüser kimi də çıxış edəcək. Rejissorun adı hələlik açıqlanmayıb. Bu barədə Deadline nəşri məlumat verib.
“Çirkli rəqslər” bu gün də ilk nümayiş olunduğu dövrdə olduğu kimi sevilir. Biz bilirdik ki, pərəstişkarların Kellerman kurortuna qayıdışı sevinclə qarşılaması üçün həqiqətən xüsusi bir komanda bir araya gəlməlidir”, - Lionsgate Motion Picture Group-un rəhbəri Adam Fogelson bildirib.
“Cennifer Qrey ilə birlikdə bu filmi irəli aparacaq ideal komandanı topladığımızı elan etməkdən böyük məmnunluq duyuruq. Bu layihə üçün Nina və Bred kimi - ‘Aclıq oyunları’nın yaradıcıları olan uzunmüddətli tərəfdaşlarımız və dostlarımızdan daha yaxşı prodüserlər ola bilməz. Kim Rozenstokun ssenarist kimi komandaya qoşulmasından da sonsuz dərəcədə şadıq. Belə bir superkomanda ilə biz tam sürətlə irəliləyirik ki, həm köhnə pərəstişkarlar, həm də yeni auditoriya ‘Çirkli rəqslər’in sehrini, musiqisini və emosiyalarını böyük ekran üçün xüsusi olaraq hazırlanmış yeni tammetrajlı filmdə yenidən kəşf edə bilsin”.
Xatırladaq ki, 1987-ci ildə çəkilən “Çirkli rəqslər” filminin süjeti 1963-cü ilin yayında baş verir. 17 yaşlı Frensis adlı qız, ailəsinin ona verdiyi ləqəblə Beybi, ailəsi ilə birlikdə kurort otelində istirahət edir.
Çətin həyat şəraiti və tanışlarına kömək etmək cəhdi nəticəsində o, gözəl və peşəkar rəqqas Coni ilə rəqs etməyə başlayır və onu müsabiqəyə hazırlayır. Qız valideynlərindən gizli şəkildə məşğul olur. Zamanla rəqs edən cütlük bir-birinə aşiq olur.
film Çirkli rəqslər