Bu gün Rusiyanın Londondakı səfiri Andrey Kelin Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
"Report" xəbər verir ki, bu barədə Britaniya xarici siyasət qurumunun məlumatında qeyd edilib.
Məlumata görə, ona rusiyalı diplomatlarından birinin akkreditasiyasının ləğv edildiyi bildirilib.
Qeyd olunub ki, bu tədbir Moskvadakı Britaniya səfirliyinin əməkdaşının akkreditasiyasının götürülməsinə cavab olaraq həyata keçirilir.
"Biz Rusiyanın keçən ay Britaniya diplomatını əsassız qərarla qovmasını, həmçinin bizim əməkdaşlarımıza qarşı əsassız ittihamlarını qətiyyətlə pisləyirik. Rusiya səfirinə bildirilib ki, Britaniya səfirlik əməkdaşlarının hədələnməsinə dözməyəcək. Buna görə də bu gün biz rusiyalı diplomatın akkreditasiyasını geri götürərək cavab tədbirləri görürük", - məlumatda bildirilib.
Xatırladaq ki, yanvar ayında Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimai Əlaqələr Mərkəzi bildirib ki, Böyük Britaniyanın Moskvadakı səfirliyində bu ölkənin xüsusi xidmətlərinin bəyan edilməmiş əməkdaşı Devis Qaret Samyuel aşkarlanıb. O, səfirliyin inzibati-təsərrüfat şöbəsinin ikinci katibi kimi göstərilib. Samyuel akkreditasiyadan məhrum edilib və ona iki həftə ərzində Rusiyanı tərk etməsi barədə göstəriş verilib.