Xaricdən verilən sifarişlərdə bağlamaların uzun müddət, 1 aya yaxın gömrükdə qaldığı bildirilir.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.
Şikayətçilər bildirirlər ki, “Trendyol”, “Temu”, “AliExpress”, “AMAZON” kimi onlayn mağazalardan sifariş olunan məhsullar günlərdir ki, gömrük anbarında saxlanılır, əlaqə saxladıqda isə onlara heç bir əsaslı məlumat verilmir.
Lent.az-ın məsələ ilə bağlı sorğusuna Dövlət Gömrük Komitəsindən bildirildi ki, gömrük orqanları tərəfindən mövcud vəziyyətin tənzimlənməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparılır:
“Gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir.
Son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur.
Gömrük orqanları tərəfindən mövcud vəziyyətin tənzimlənməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparılır. Bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir.
Sifarişlərin daşınmasını və çatdırılmasını həyata keçirən daşıyıcı operatorlarla qeyd olunan hallar dəqiqləşdirilir və bu növ hallara yol verilməməsi tövsiyə olunur.
Sifariş edən şəxslərdən yaranan halların nəzərə alınması və müvəqqəti xarakter daşıdığının diqqətə alınması xahiş olunur”.
Gömrük DGK Trendyol Temu Onlayn sifariş xarici bağlama



