IMG-LOGO

Bakıdan Sumqayıta taksi getmir - Sərnişinlər iki qat pul ödəyəcək?

02 Feb 2026 15:14 4 baxış
IMG
6 0

Qaydalara taksi sürücüləri Sumqayıt və ya Bakı ərazisində olan sifarişləri yalnız o şəhərdə qüvvədə olan buraxılış kartı ilə yerinə yetirə bilərlər. Yəni Bakıdan Sumqayıta və ya əks istiqamətə sərnişin aparan sürücü oradan qayıdanda sifariş götürə bilmir. Bu hal xüsusən sürücülər arasında böyük narazılıq doğurub. Onlar bildirirlər ki, belə halda gediş qiyməti 2 dəfə artmalıdır ki, heç olmasa yanacaqla bağlı xərcləri ödənə bilsin.

Bəs görəsən, nəyə görə belə bir qayda tətbiq olunub? Mövcud buraxılış kartı olmadan sürücülüklə məşğul olmağın cəriməsi varmı?

Lent.az-ın sorğusuna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunun 20.2-ci maddəsinə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları buraxılış kartında müəyyən edilmiş ərazi hüdudları daxilində hər hansı şəxsin sifarişi əsasında qeyri-müntəzəm marşrut üzrə yerinə yetirilir:

“İnzibati Xətalar Məcəlləsinin 322.0.13. bəndinə əsasən, taksi minik avtomobili ilə sərnişin daşımalarının buraxılış kartında müəyyən edilən ərazi hüdudlarından kənarda həyata keçirilməsinə görə 50 manat cərimə nəzərdə tutulub”.

Bir tərəfli sifarişdən sonra qiymətlər artırılarsa, taksidən istifadəni azalda bilərmi?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Lent.az-a açıqlamasında bildirdi ki, qiymətlər bahalaşsa, taksidən istifadə etməyəcəklər:

“Taksi fəaliyyəti ilə məşğul olmaq üçün buraxılış vərəqəsi şəhər üzrə verilibsə, orada da çalışmaq lazımdır. Bakıya buraxılış vərəqəsi verilən sürücü necə Sumqayıtda fəaliyyət göstərə bilər ki? Bu hal çox normaldır.

Müştəri Bakıdan Gəncəyə gedirsə, onun yenidən Bakıya qayıtmasının pulunu verməli deyil. Tariflər bazar iqtisadiyyatına, tələb-təkliflərə uyğun formalaşır, dəyişir. Öncədən sövdələşmiş qiymət sürücüyə və sərnişinə sərf edirsə, səfərlərini davam edirlər, sərf etmirsə getmirlər. Taksi qiymətlərinin yüksəlməsi şirkətlərə də sərf eləmir, çünki qiymətlər artsa insanlar taksidən imtina edəcəklər”.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov isə Lent.az-a açıqlamasında qeyd edib ki, taksiləri ictimai nəqliyyatın bir parçasına çevirməsək, problemlər böyüyəcək:

“Buraxılış kartlarının ərazi üzrə paylanılması, təkim zonalarının yaradılması insanlarda müəyyən anlaşılmazlıq yaradır. Əsas məsələ nəqliyyat vasitələrinin hərəkətliyinin təmin olunmasında taksilərin rolunu artırılmasıdır. Taksi ilə daşınma digər nəqliyyat vasitələrindən daha tez, rantabelli və qapıdan-qapıya prinsipini daşıyır.

Taksilərə sərf olunan zaman və keyfiyyət digər vasitələrdən daha üstündür. Taksiləri ictimai nəqliyyatın bir parçasına çevirə bilməsək, o zaman marşrut daşımalarda əziyyət çəkəcəyik”.

Qəbul olunmuş qaydalarla bağlı “BOLT”a da sorğu ünvanlamışıq.

sürücü sərnişin AYNA Nəqliyyat eksperti Bakı Sumqayıt BOLT

Xəbər lenti