IMG-LOGO

Səyahətdə qənaət ili: azərbaycanlı turistlərin xarici xərcləri azalıb - ARAŞDIRMA

02 Feb 2026 14:30 3 baxış
IMG

Ötən il 1 milyon 280 min 787 azərbaycanlı turist xaricdə ümumilikdə 2 milyard 33 milyon 587 min manat vəsait xərcləyib.

"Report"un əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 8,3 % azdır.

Xərclərin əsas hissəsi nəqliyyat və yerləşmə xidmətlərinin payına düşüb. Belə ki, nəqliyyata 745 milyon 25 min manat vəsait xərclənib ki, bu da illik müqayisədə 2,9 % azalma deməkdir. Yerləşmə xərcləri 450 milyon 353 min manat təşkil edib və bu istiqamətdə 13,1 % azalma qeydə alınıb. Qidalanmaya isə 402 milyon 800 min manat sərf olunub ki, bu da əvvəlki ilə nisbətən 7 % azdır.

Mədəniyyət xərcləri 6 milyon 360 min manat olub və bu sahədə 25,6 % azalma müşahidə edilib. Turizm paketlərinin alınmasına 65 milyon 369 min manat (-3,7 %), nəqliyyat vasitələrinin icarəsinə isə 3 milyon 592 min manat (-8,1 %) vəsait xərclənib.

İdman və əyləncə xərcləri istisna olaraq artım göstərib. Bu istiqamətdə 12 milyon 797 min manat xərclənib ki, bu da 7,8 % çoxdur. Malların və hədiyyələrin alınmasına 327 milyon 441 min manat sərf olunub və burada 13,8 % azalma qeydə alınıb. Digər xərclər isə 19 milyon 847 min manat təşkil edib ki, bu da 26,6 % azdır.

Ötən il azərbaycanlı turistlər ən çox Türkiyədə xərc çəkiblər. Bu ölkədə xərclər 881 milyon 552 min manat olub və 3,7 % azalıb. İkinci yerdə Rusiya qərarlaşıb - burada 274 milyon 250 min manat xərclənib və 48,5 % kəskin azalma qeydə alınıb. Üçüncü yerdə isə Birləşmiş Ərəb Əmirlikləri yer alıb. Bu ölkədə xərclər 190 milyon 502 min manat təşkil edib ki, bu da 6 % azdır.

2025-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2024-cü illə müqayisədə 2,3 % azalaraq 2 milyon 109,9 min nəfər olub. Vətəndaşların 41,2 %-i Türkiyəyə, 14,5 %-i Rusiyaya, 10,7 %-i Gürcüstana, 9,7 %-i İrana, 23,9 %-i digər ölkələrə səfər edib, 63,5 %-ini kişilər, 36,5 %-ini qadınlar təşkil edib.

İl ərzində Gürcüstana gedənlərin sayı 20,4 %, İrana gedənlərin sayı 9,2 % artıb, Rusiyaya gedənlərin sayı 31,5 %, Türkiyəyə gedənlərin sayı isə 1,6 % azalıb.

Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,6 %-i hava, 28,5 %-i dəmir yolu və avtomobil, 1,9 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Xəbər lenti