Azərbaycanda hökumət API-lərinə təhlükəsiz və vahid çıxışı təmin edəcək mərkəzləşdirilmiş platforma yaradılmalıdır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") "Ağ sənəd 2025" adlı hesabatında qeyd edilib.
Hesabatda bildirilir ki, açıq API-lərin hazırlanması və rəqəmsal hökumət xidmətlərinə çıxışla bağlı hər bir dövlət qurumunun öz rəqəmsal məhsullarına özəl sektorun inteqrasiyasını asanlaşdıran çərçivələr formalaşdırmasını tələb edən geniş əhatəli siyasət tətbiq olunmalıdır. "AmCham"ın ekspertlərinin fikrincə, belə koordinasiyalı yanaşma dövlət qurumları arasında ardıcıllığı, şəffaflığı və aydınlığı təmin edəcək.
Bu siyasət çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyəti altında mərkəzləşdirilmiş API keçidi (API gateway) və developer portalının yaradılması məqsədəuyğun hesab olunur. Sözügedən platforma hökumət API-lərinə təhlükəsiz və vahid giriş nöqtəsi kimi fəaliyyət göstərəcək və istifadəçilər üçün səviyyələndirilmiş - ictimai, tərəfdaş və daxili - giriş imkanları təqdim edəcək.
Portalın funksionallığına ətraflı API sənədləşməsi, test rejimi ("sandbox") üçün dəstək, uyğunluq və sabitliyi qorumaq məqsədilə versiya nəzarəti, eləcə də istifadə, performans və uyğunluğun izlənməsi üçün inteqrasiya olunmuş analitika və monitorinq mexanizmlərinin daxil edilməsi tövsiyə olunur.
Hesabatda vurğulanır ki, biznes subyektləri hazırda rəqəmsal hökumət məhsullarını öz xidmətlərinə inteqrasiya etməklə əlavə dəyər və avtomatlaşdırma imkanları əldə etmək məsələsində qeyri-müəyyənliklə üzləşirlər. Bu istiqamətdə daha aydın təlimatların və institusional dəstəyin verilməsi şirkətlərin innovasiya potensialını artırar, əməliyyat səmərəliliyini yüksəldər və müştərilərə təqdim olunan xidmətlərin keyfiyyətini yaxşılaşdırar.
Qeyd edilir ki, startaplar və özəl sektor iştirakçıları hələlik dövlət platformalarına API-lər vasitəsilə inteqrasiya üçün strukturlaşdırılmış imkanlara malik deyillər. Belə mexanizmlərin yaradılması innovasiyaları stimullaşdırar, yeni rəqəmsal xidmətlərin meydana çıxmasına şərait yaradar və dövlət-özəl sektor əməkdaşlığını gücləndirər.
Sənəddə özəl sektorun seçilmiş dövlət API-lərinə çıxışını təmin edən tərəfdaşlıq proqramlarının tətbiqi də məqsədəuyğun sayılır. Xüsusilə səhiyyə, təhsil, logistika və fintex sahələrində açıq API-lərdən istifadə etməklə yeni rəqəmsal həllərin yaradılmasını təşviq edən innovasiya müsabiqələri, pilot layihələr və "prefered API partner" proqramlarının həyata keçirilməsi tövsiyə edilir.
Hesabatda açıq API-lərə çıxışın idarə olunmasını tənzimləyən möhkəm hüquqi və normativ bazanın hazırlanmasının vacibliyi vurğulanır. Bu çərçivə özəl sektor subyektləri üçün uyğunluq meyarlarını müəyyən etməli, lisenziyalaşdırma qaydalarını təsbit etməli və şəffaf maliyyə şərtlərini təmin etməlidir.
Eyni zamanda, inteqrasiya prosesinin xərc tələb etdiyi hallarda maliyyə məsuliyyətinin aydın bölgüsü göstərilməli, məlumatların qorunması tələbləri və beynəlxalq təhlükəsizlik standartlarına riayət məcburi xarakter daşımalıdır. "AmCham"ın qiymətləndirməsinə görə, bu yanaşma həm innovasiyaları təşviq edəcək, həm də dövlət resurslarından təhlükəsiz və səmərəli istifadəni təmin edəcək.