Bəzi ölkələrin təhsil müəssisələri vətəndaşları aldadır.
"Report" xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekununa dair keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, xarici ölkələrin universitetlərinə attestatla qəbul olunan, heç bir qiymətləndirmə mərhələsindən keçməyən şəxslər sonradan problemlə üzləşirlər:
"Həmin şəxslər arasında uğursuzluq faizi kifayət qədər yüksəkdir. Onların bir qismi nə təhsil aldığı ali məktəbin tədris dili, nə də ixtisasının tam adını düzgün şəkildə ifadə edə bilir. Türkiyədə, eləcə də ona yaxın coğrafiyada - Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrdə attestatla qəbul həyata keçirən ali təhsil müəssisələri mövcuddur. Bu, mərkəzləşdirilmiş imtahanlarda uğur qazanmayan vətəndaşlarımız üçün müəyyən imkanlar yaradır. Lakin bu universitetlərin diplomlarının hamısının birmənalı şəkildə tanınıb-tanınmadığını deyə bilmərik".
Agentlik sədr həmçinin bildirib ki, qanunvericilikdə attestatla qəbul olunan şəxsin diplomunun tanınmaması ilə bağlı konkret müddəa yoxdur:
"Burada əsas və birinci şərt ali təhsil müəssisəsinin akkreditasiyadan keçmiş olmasıdır. Hətta ABŞ-da belə ali təhsil anlayışına daxil olmayan, lakin fəaliyyət göstərən qurumlar mövcuddur. Bu qurumların adlarında "ali təhsil" ifadəsi yer almır və akkreditasiyadan keçmək məcburiyyətində deyillər. Təəssüf ki, bəzi ölkələrdə, xüsusilə də inkişaf etmiş dövlətlərdə belə tərəfdaşlıq adı altında vətəndaşları aldadan qurumlara rast gəlinir. Bu qurumlar əslində universitet statusuna malik deyillər".