Çinin Quanqdon əyalətində fəaliyyətə başlayacaq dünyanın ilk tam robotlaşdırılmış oteli 2027-ci ildə qapılarını qonaqların üzünə açmağa hazırlaşır. Layihə çərçivəsində oteldə bütün əsas xidmətlər robotlar tərəfindən yerinə yetiriləcək.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, otelin təşəbbüsçüsü olan Pudu Robotiks şirkətinin məlumatına görə, robotlar qonaqların qarşılanması, qeydiyyatı, otaqlara xidmət, yemək hazırlanması, təmizlik və ziyarətçilərə kömək kimi bütün əsas funksiyaları icra edəcək.
Şirkət layihəni "bütün xidmət ssenarilərinin robotlar tərəfindən təmin olunduğu otel" kimi təqdim edir.
Layihənin təqdimatı zamanı oteldə istifadə olunacaq bir sıra texnologiyalar nümayiş etdirilib. Onlardan biri FlashBot sistemi olub. Bu sistem avtonom pərakəndə satış və sifarişlərin çatdırılmasını həyata keçirəcək.
Bundan başqa, PUDU T300 adlı robot da təqdim olunub. Bu robot 300 kiloqrama qədər baqaj daşıya bilir və liftlərdən müstəqil şəkildə istifadə etmək imkanına malikdir.
Təmizlik işlərini isə PUDU CC1 Pro və PUDU MT1 robotları həyata keçirəcək. Onlar süni intellekt vasitəsilə tullantıları müəyyən edəcək, döşəmələri avtomatik yuyacaq və oteldə təmizliyi təmin edəcəklər.
Qonaqlar üçün qəhvə hazırlayan xüsusi robot da layihəyə daxil edilib. Bu robot səsli ünsiyyət qura bilir və işıq effektlərindən istifadə edərək ziyarətçilərlə qarşılıqlı əlaqə yaradır. Oteldə fəaliyyət göstərəcək bütün robotlar vahid ağıllı idarəetmə platforması vasitəsilə koordinasiya olunacaq.
Qeyd edək ki, Pudu Robotics şirkəti daha əvvəl də xidmət robotlarını pərakəndə satış, restoran və kommersiya təmizliyi sahələrində tətbiq edib. Tam robotlaşdırılmış otel isə şirkətin avtomatlaşdırma sahəsində növbəti böyük addımı hesab olunur. Layihənin ilkin mərhələsində sınaq məqsədilə məhdud sayda otaq istifadəyə veriləcək.
Bu arada, Çinin digər nəhəng şirkətlərindən biri olan JD.com da genişmiqyaslı robotlaşdırma planı üzərində işləyir. Şirkətin təsisçisi bildirib ki, gələcəkdə təxminən 700 min kuryerin işini robotlar yerinə yetirə bilər.
Onun sözlərinə görə, əməkdaşların işdən çıxarılması deyil, onların yeni vəzifələr üçün yenidən hazırlanması nəzərdə tutulur. Bu məqsədlə artıq 120 təhsil müəssisəsi ilə əməkdaşlıq müqaviləsi imzalanıb.
robot çinMənbə: lent.az