IMG-LOGO

Auditorlar Palatasında 700 min mənimsəyənlərə HÖKM OXUNDU

06 Jul 2026 15:23 3 baxış
IMG
0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə Azərbaycan Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin keçmiş rəisi Vəli Rəhimov, maliyyəçi-mühasib Gövhər Əhmədova və auditor Fəridə Novruzovanın cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilənlər -  Gövhər Əhmədovanın 5 il azadlıqdan məhrum edilərək, məhkəmə zalından həbs olunmasını, Fəridə Novruzovanın 3 il azadlıqdan məhrum edilərək, doğulacaq övladının 14 yaşına çatana kimi hökmün təxirə salınmasını, Vəli Rəhimovun 2000 manat cərimə edilməsi və təqsirləndirildiyi Cinayət Məcəlləsinin 313-ci maddəsinin cinayət məsuliyyətinə cəlbetmə müddəti bitdiyi üçün xitam verilməsi barədə hökm oxuyub.

Qeyd edək dövlət ittihamçısı  çıxışında təqsirləndirilənlər Gövhər Əhmədova, Fəridə Novruzova, Vəli Rəhimovun hər birinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini, V. Rəhimovun təqsirləndirildiyi Cinayət Məcəlləsinin 313-ci maddəsinin cinayət məsuliyyətinə cəlbetmə müddəti bitdiyi üçün xitam verilməsini təklif etmişdi.

Xatırladaq ki, Azərbaycan Auditorlar Palatasının üç vəzifəli şəxsi xüsusilə külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Daxili araşdırma nəticəsində 2018-2023-cü illər ərzində Maliyyə və texniki təminat idarəsinin əməkdaşları tərəfindən küllü miqdarda vəsaitin mənimsənilməsi aşkar edilib. Bunu nəzərə alaraq Palata rəhbərliyi tərəfindən 2023-cü ilin 10 iyul tarixində hüquq-mühafizə orqanlarına müraciət edilib, onun araşdırılması, günahkarların məsuliyyətə cəlb edilməsi və mənimsənilmiş vəsaitin Auditorlar Palatasının hesabına qaytarılması xahiş edilib.

Palatanın maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və digər auditoru Fəridə Novruzovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə dəymiş ziyan 700 min manatdır.

Cinayət işi üzrə Azərbaycan Auditorlar Palatası zərərçəkmiş qismində tanınıb.

MƏHKƏMƏ

Mənbə: lent.az

Xəbər lenti