Bakıda mənzillərin qiyməti durmadan artır. Ev almaq istəyənlər isə bir sual düşündürür: görəsən, şəhərin hansı ərazisində qiymətlər daha baha, yaxud ucuzdur?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Lent.az-a açıqlamasında bildirib ki, hal-hazırda Bakının ən yüksək qiymətli mənzilləri Nəsimi rayonunun Neftçilər prospektində yerləşən binalardadır:
“Neftçilər evlərin bir kvadratmetri (kv/m)17 min 500 manatdır. Həmçinin Üzeyir Hacıbəyov küçəsində də evlərin kv/m-i 14 min 685 manata təklif olunur. Bakıda mənzillərin mərkəzə yaxın yerləşməsinə görə qiymətlər dəyişir. Həmin ərazilərdə mənzillərin kvadratmetrinin dəyəri 6000 manatdan başlayır.
Ümumilikdə, Ağ Şəhər, Yaşıl Ada 1-də 8250, Yasamal rayonu, İzmir küçəsi 7955, Səbail rayonu, Qurban Abbasov küçəsi 7325, Səbail rayonu, Mikayıl Hüseynov küçəsi 6940, Səbail rayonu, İstiqlaliyyət küçəsi 5580, Yasamal rayonu, Şıxəli Mehdiyev küçəsi 5140, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 4970, Xətai rayonu, 2-ci Fəvvarələr küçəsi 4920, Səbail rayonu, Əziz Əliyev küçəsi 4510, Səbail rayonu, Əhməd Cavad küçəsi 4490, Xətai rayonu, 8 Noyabr prospekti 4 400, Səbail rayonu, Azadlıq prospekti 4260, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi 4250, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi 4200, Nəsimi rayonu, Hənifə Ələsgərova küçəsi 4175, Səbail rayonu, Böyük Qala küçəsində isə qiymətlər 4160 manat təşkil edir.
Şəhərin ucqar nöqtələrində - Həzi Aslanov, Əhmədli ərazilərdə mənzilin 1 kv/m-nin minimum qiyməti təxminən 2800-3000 manat civarındadır. Nərimanov rayonunda isə qiymətlər 4000-5000 aralığındadır. Şəhərin kənarında – Hövsan, Zabrat, Masazır, Alatavada mənzillərin kvadratmetri minimum 1300-1500 manat civarındadır.
Mənzillərin bu qədər yüksək qiymətə təklif olunması daşınmaz əmlakın investsiya cazibədarlığı ilə, eləcə də alternativ investsiya istiqamətlərinin hazırda aktual olmamasından irəli gəlir. Çünki nə fond birjaları, nə qiymətli kağızlar, nə də səhm bazarları prioritet təşkil edir. Bu günün prioritetləri daşınmaz əmlak və qızıl zinət əşyaları bazarıdır. Vətəndaşlar kapital yığımını il ərazində formalaşdırıb bu istiqamətlərə yönəldirlər. Daşınmaz əmlak qızıldan ona görə üstündür ki, o, ikiqat qazanc əldə etməyə imkan yaradır. Həm onun ildən-ilə qiyməti yüksəlir, həm də faydalı və səmərli istifadədə (icarə, kirayə) gəlir əldə edilir. Məhz daşınmaz əmlakın bu funksiyalarına görə vətəndaşların əksəriyyəti bu istiqamətə yönəlir.
Bu tendensiya təkcə Azərbaycanda yox, bütün dünyada aktualdır. Çünki daşınmaz əmlak pandemiyadan sonra passiv biznes növü kimi aktuallaşdı”.
AQC Bakıda evlər Bakının ən bahalı evləri