IMG-LOGO

Naxçıvanda istehsalçı və investorlar üçün təqdimat keçirilib - YENİLƏNİB

26.01.2024 18:47 72 baxış
IMG

Azərbaycan Françayzinq Assosiasiyası nümayəndələrinin Naxçıvana səfəri çərçivəsində xarici və yerli investorların iştirakı ilə görüş keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılov, Kənd Təsərrüfatı nazirinin müavini, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli Naxçıvanın İnvestisiya imkanları və hazırkı inkişaf potensialı barədə iştirakçılara məlumat veriblər.

Çıxışlarda Naxçıvan Muxtar Respublikasında rabitə və yeni texnologiyalar, logistika, kənd təsərrüfatı sahələrində ən yüksək inkişaf göstəricilərinin əldə olunması və bu sahələrə investisiyaların cəlbi üçün nəzərdə tutulan layihələr barədə məlumat verilib.

Bildirilib ki, Naxçıvanda 2023-cü ildə ümumi məhsul istehsalı 1 milyard 552 milyon manatdan çox olub. Bu dövrdə sənaye məhsulunun həcmi 593,9 milyon manat, kənd təsərrüfatı məhsulu 358,4 milyon manat, informasiya və rabitə xidmətlərinin həcmi 34,2 milyon manat, əhaliyə göstərilən ödənişli xidmətlər 178,2 milyon manat, orta aylıq əməkhaqqı isə 689 manat təşkil edib. 2023-cü ildə büdcə gəlirlərində qeyri-dövlət sektorunun payı 55,7 faiz, vergi daxilolmalarında isə 62,4 faiz təşkil edib.

Qeyd olunub ki, sahibkarlığın sürətli inkişafında ən önəmli amillərdən biri maliyyə əlçatanlığıdır. 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 40 investisiya layihəsinin maliyyələşdirilməsinə 6,2 milyon manat güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilib.

Vurğulanıb ki, “Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın əsas qayələrindən biri də sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırmaq, azad iqtisadi zona yaratmaqla Naxçıvanı əsas sərmayə mərkəzinə çevirməkdir.

Naxçıvana qoyulan investisiya buranı gərək Türkiyə ilə, gərək də Azərbaycanla Türk Cümhuriyyətləri ilə əlaqələrin qurulması ən birinci öncəlikdir

Çinin “Energy China", Türkiyənin "İhlas Holding", "Özgün İnşaat" kimi tanınmış şirkətlərinin iştirak etdiyi tədbir investisiya imkanları, "yaşıl enerji" potensialı, inşaat layihələri, mədənçilik sahəsindəki investisya layihələri barədə şirkətlərin təqdimatları ilə davam edib.

10:33

Bu gün Naxçıvan Biznes Mərkəzində 30 xarici və yerli istehsalçı, eləcə də investor üçün təqdimat keçirilir.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir onların Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində baş tutub.

Təqdimatda yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov, kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Xəyalə Dadaşova, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Rahid Ələkbərli, "Azərbaycan Françayzinq Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Camid Mövsümov iştirak edir.

Tədbirin məqsədi Naxçıvanın iqtisadi imkanlarından səmərəli istifadə, ayrı-ayrı sahələrə investisiyaların cəlb edilməsidir.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti