Azərbaycan Asiya İnkişaf Bankının (ADB) su ehtiyatları sahəsində transsərhəd əməkdaşlığın gücləndirilməsinə və iqlim dəyişikliyi ilə bağlı məsələlərin davamlı şəkildə idarə olunmasına istiqamətlənən regional layihəsinə qoşulub.
"Report" ADB-yə istinadən xəbər verir ki, layihə Azərbaycanla yanaşı, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir.
ADB-nin təsdiqlədiyi layihə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramının su sahəsi istiqamətində həyata keçirilir.
Texniki yardımın ümumi dəyəri 750 min ABŞ dollarıdır, maliyyələşdirmənin ADB-nin Xüsusi Texniki Yardım Fondu hesabına həyata keçirilməsi planlaşdırılır.
Bununla yanaşı, bu texniki yardımla su ehtiyatlarının koordinasiyalı və dayanıqlı inkişafını təmin etmək məqsədi ilə ölkələri, bu sahə üzrə mütəxəssisləri, bununla bağlı qəbul ediləcək siyasi qərarları və layihələri birləşdirəcək regional əməkdaşlıq platformasının yaradılması nəzərdə tutulur.
ADB-nin məlumatına əsasən, layihə çərçivəsində regional qarşılıqlı əlaqəyə dair institusional mexanizmlərə dəstək göstəriləcək, su ehtiyatlarının iqlimə davamlı şəkildə idarə olunması üzrə prosedur və alətlər modernləşdiriləcək, həmçinin iqlimə davamlı layihələrin hazırlanması və həyata keçirilməsi üçün bilik bazası formalaşdırılacaq.
Xatırladaq ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu müddət ərzində bank ölkəyə təxminən 5,6 milyard ABŞ dolları sərmayə qoyub, bu məbləğin 4,4 milyard dolları dövlət sektoruna, 1,2 milyard dolları özəl sektora yatırılıb. Nəqliyyat (1,5 milyard ABŞ dolları) və enerji sektorları (1,7 milyard ABŞ dolları) ən çox maliyyələşdirilən istiqamətlərdir.
Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər investisiya qoymağa hazırdır.
ADB 1966-cı ildə yaradılıb və onun mənzil qərargahı Manilada yerləşir. Bank 50-si Asiya-Sakit Okean regionu dövləti olmaqla 69 səhmdar ölkəni birləşdirir.